Qurban Qurbanovun Avropada yeyilən HAQQI

10 Mart 2024 23:20 Qarabağ 8 568
Qurban Qurbanovun Avropada yeyilən HAQQI

"Qarabağ"ın Avropadakı uğurlu çıxışı hər birimizi sevindirir.

Amma uğurların fonunda bizi üzən məqamlar da yox deyil.

Məsələn, "Bayer" önündə oynadığı parlaq futbolla "Qarabağ" bu gün dünyada müzakirə edilir.

Komandanın oyunu diqqətlə izlənir, araşdırılır.

Futbolçuların performansı ən üst səviyyədə çək-çevr olunur.

Bura qədəri bizə də xoş. Axı sonunca müzakirə olunan bir Azərbaycan klubudur. Həm də "Qarabağ" adında.

Ən pisi odur ki, həmin araşdırmalar sonrası Ağdam klubu yenə öz onurğa sütununu itirə bilər. Üzülməmək əldə deyil.

Bu gün əminəm ki, Marko Yankoviç başda olmaqla bir çox "Qarabağ"lı Avropa klublarının transfer siyahısında yer alır.

Gördüyünüz kimi, yenə vitrində futbolçular təqdim olunur.

Əvvəlki illərdə olduğu kimi.

Dino Ndlovudan Kadi Borgesə kimi hamısı karyeralarında ən yaxşı pulu, ən böyük oyunları "Qarabağ"a ayaq basandan sonra görüblər.

Bu, hansısa təsadüf yox, Qurban Qurbanovun sənət əsəridir. Elə bizi üzən digər məqam da onunla bağlıdır.

Çox təəssüf ki, illərdi onun əsərinə böyük maraq var, personajları bir-bir "ovlanır", ancaq əsərin müəllifi haqq etdiyi diqqəti görmür.

Niyəsə bu günə qədər hələ sanballı bir Avropa klubundan ona iş təklifi gəlməyib.

Ən azı eşitməmişik. Dəfələrlə bu yöndə verilən suallara Qurbanovun da cavabında nəsə hiss etməmişik.

Bəlkə, bu dəfə?

Məncə, onun da belə bir fürsəti olmalıdır. Daha nələr etməlidir ki, haqqında danışmaqla yetinməyib, israrlı dəvətdə bulunsunlar?

51 yaşlı çalışdırıcı əlinin altındakı məhdud resuslarla illərdi mümkünsüz görünən bir çox hədəfləri alt-üst etməklə yadda qalır.

"Bayer"lə oyunun ilk hissəsi göstərdi ki, onun zəkası Avropa divini təslim etməyə yetərlidir. İkinci yarı isə resusların yetərsiz olduğunu üzə çıxardı. Bura liqalar arasındakı uçurumdan başlayaraq çox şeyləri əlavə edə bilərik. Deməli, futbolumuzun acı reallığı Qurbanovun bacarığının kölgəsində qalır. İnkişafının sürətini azaldır, məhdudlaşdırır.

Ən azı "top-5" liqların ortabab klublarından biri Qurbanova həvalə edilməlidir. Əminəm ki, daha geniş imkanlar, yaxşı resuslarla Qurbanovu bacarığının qarşılığı olan daha yüksək pillələrdə görə bilərik.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti