"Qarabağ" "Braqa" ilə ağır cavab oyunundan 2 gün sonra "Sumqayıt"la matça çıxmışdı.
Və "Kimyaçılar"la oyundan 3 gün sonra Qəbələ səfərinə yollanmışdı.
Ondan 4 gün sonra isə "Neftçi" ilə Azərbaycan derbisində meydanda olmuşdu.
Komandanın "Bayer Leverkuzen"lə ilk qarşılaşma öncəsi düşdüyü qrafikin ağırlığına baxın da...
Belə fiziki güc itkisindən sonra Almaniya nəhəngi ilə qarşılaşmada 90 dəqiqə tap gətirə bilməməkdən məntiqli nə ola bilər ki?
İddia etmirəm ki, Ağdam təmsilçisi müəyyən fasilə götürsəydi (məsələn, oyunlardan biri təxirə salınmaqla) Xabi Alonsonun kollektivini darmadağın edəcəkdi.
Amma faydasının olacağı dəqiq idi. Ən azı komanda 60 dəqiqə yox, daha çox meydanda dirəniş göstərə bilərdi. Bəlkə də ilk matçda qələbə qazana bilərdi. Turu gətirməyəcək qələbə olsa belə. Qısası, futbolçular Qurban Qurbanovun sərəncamında daha enerjili ola bilərdi.
Əgər onlara ölkə daxilində hansısa güzəşt tətbiq edilsəydi.
Belədə sual yaranır - Axı nə məcbur idi ki, "Qarabağ" bu cür ağır qrafikə təhrik edilirdi?
Qurban Qurbanov da təxirəsalmaya isti yanaşırdı. Amma açıqlamasında bildirmişdi ki, müraciətimiz müsbət qarşılanmadı.
Kiçik araşdırma sonrası bəlli oldu ki, günahkar elə əziyyət çəkən tərəfin özüdür.
Bir çox hallarda "Qarabağ"a lazım olan köməyi etmiş Peşəkar Futbol Liqasının (PFL) işdə hər hansı günahı yoxdur.
PFL oyunlar üçün qrafiki günlər öncədən tutur.
Ağdam təmsilçisinin də yetəri qədər zamanı oldur ki, öncədən təxirəsalma ilə bağlı müraciət ünvanlasın.
Amma nədənsə "Qəbələ" və "Neftçi" görüşlərindən birinin təxirə salınması üçün "atlılar" PFL-ə çox gec üz tutub. Müdaxilə imkanı olmayıb.
Nəzərə alaq ki, çempionatı keçirən qrumun da öz prinsipləri var. "Zirə" ilə matç üçün isə təxirəsalma ilə bağlı ümumiyyətlə müraciət belə edilməyib.
Düşünürəm ki, çempionatın lideri bu məsələdə yanlışa yol verib.
Onsuz da çox aşağı səviyyəli çempionatımızdan çıxıb belə rəqiblərlə oynamaq "atlılar"a böyük çətinlik bahasına başa gəlir.
Bir də belə sıx qrafik olunca, hər şey ikiqat çətinləşmiş olur. Necə ki, "Bayer"lə oyunda bunu gördük.
"Braqa" ilə qarşılaşmada bir saatdan artıq 10 nəfərlə mübarizə aparan komanda hara, "Bayer" önündə ikinci yarı meydanda olan hara.
Düzdü, bunu rəqiblərin səviyyəsilə də bağlamaq olar. Həm də.gücü tükənən komandamızla. Avropa böyük təcrübə sahibi olan klub gərək belə məqmlarda mütləq özünə güzəşt etmək yolunu seçsin.
XANOĞLAN İMANOV

