Bu axşam 23.40-da...

7 Mart 2024 19:00 Qarabağ 1 096
Bu axşam 23.40-da...

Kiçikdən böyüyə hər kəs axşamkı oyunu gözləyir.

Bu gün saat 21.45-dən etibarən gözlər və qulaqlar Tofiq Bəhramov adına Respublika stadionuna dikiləcək.

“Braqa” səddini inamla aşaraq 1/8 final mərhələsində “Bayer”ə rəqib olan “Qarabağ” azərbaycanlı futbolsevərlərin gözləri önündə Almaniya nəhəngini qəbul edəcək.

Cütün favoriti məlumdur. Söhbət Bundesliqanın liderindən, bir ay əvvəl “Bavariya”nın qapısından 3 cavabsız top keçirən, 34 oyundur məğlubiyyətin nə olduğunu bilməyən, cari Avropa Liqasını qazanmağa ən real namizəddən gedirsə, əlavə şərhə ehtiyac yoxdur.

“Qarabağ” bu oyunu uduzsa belə, dünyanın sonu olmayacaq. Əksinə, Azərbaycan futbolu adına növbəti reklam qazanacaq və beynəlxalq arenalarda əla təcrübə yığacaq.

Amma hadisələrin son dövrlərdəki axarı ağdamlıların məğlub olmayacağından xəbər verir. Əvvəla ona görə ki, “Braqa” ilə oyunlardan sonra məşqçi və futbolçu heyətində izah edilməsi mümkünsüz dərəcədə inam yaranıb.

Artıq “Qarabağ” üçün rəqibin kimliyinin önəmi yoxdur. Oktyabrda “Bayer”lə səfərdəki qarşılaşmada bir çox futbolçuların ayaqlarının əsməsinin sayəsində almanlar qapımıza 5 top vurmuşdularsa, noyabrdakı cavab qarşılaşmasında fərqli “Qarabağ” gördük.

Maksim Medvedev son dəqiqələrdə gərəksiz vəziyyətdə yopa əllə toxunmasaydı, nə Bonifeys penaltidən fərqlənəcəkdi, nə də “Bayer” Bakıda növbəti qələbəsinə sevinəcəkdi.

Məhz noyabrın 9-dakı oyun bu komanda ilə oynamağın mümkünlüyünü göstərmişdi. Həyəcanı, rəqibin adını, təcrübəsini, fiziki gücünü, daha nə bilim nəyini kənara qoyub meydanda qəhrəmanlıq göstərmək lazımdır.

O qəhrəmanlıq ki, vaxtilə Respublika stadionunu dolduran azərbaycanlı azarkeşlərin dəstəyi ilə sintez təşkil edərək “Qarabağ”ın Avropanın tanınmışları ilə oyunlarda azı 1 xal qazanmasına səbəb olmuşdu.

“Brügge”, “Anderlext”, “Zalsburq”, “Kopenhagen”, “Nant” Bakıda məğlub edilib, “İnter”, “Sent Etyen”, “Monako”, “Atletiko Madrid”, “Frayburq”la ölkəmizdəki matçlar heç-heçə başa çatıb.

“Qarabağ” istəyəndə, istədiyini əldə etməyi bacarır. Yetər ki, canlarında qorxu və həyəcan olmasın. O dövr artıq geridə qalıb. Heyət dəyişib, komandanın təcrübəsi artıb.

“Köhlən atlar” Avropada yeni tarixin arxasında düşüb. Azərbaycan xalqı işğaldan azad olunmuş Ağdamın təmsilçisindən növbəti zəfəri gözləyir.

Axşam saat 23.40-da stadionu qələbə sevinci ilə tərk etmək arzusu ilə...

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti