“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer"ə qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.
Matçda ədaləti Benua Bastyen qoruyacaq.
Ona Hişam Zakrani və Orelyen Bertomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Jeremi Pinyar yerinə yetirəcək.
40 yaşlı referi zəngin təcrübəyə malikdir. 2007-ci ildə, 24 yaşında Liqa-1-də hakimlik etməyə başlayan Bastyen 2016-cı ildə beynəlxalq oyunda debüt edib.
O, geridə qalan 8 ildə əsas milli komandalar səviyyəsində 19, avrokuboklar çərçivəsində 28 qarşılaşmada meydanda əsas söz sahibi olub.
Lakin heç bir halda yolu bizimkilərlə kəsişməyib. “Qarabağ” – “Bayer” matçı Banuanın karyerasında Azərbaycan təmsilçisinin iştirakı ilə idarə edəcəyi ilk oyun olacaq.
Fransalı ədalət təmsilçisi 17 illik peşəkar idarəçiliyi dönəmində ümumilikdə 441 görüşə təyinat alıb ki, bu oyunlarda 1646 sarı, 114 qırmızı vərəqə göstərib. 125 dəfə qapılara penalti təyin edib.
Səbəbkar qayda pozuntuları zamanı güzəşt etməyi sevmir. Vərəqə və “nöqtə”ni göstərməyə meyillidir.
Bastyen 2019-cu ildə “Bayer Leverkuzen”in “Yuventus”la ev qarşılaşmasında meydanda yaşananlara nəzarət edib. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan oyunda “Qarabağ”ın rəqibi italyanlara 2:0 hesabı ilə uduzub.
Karyerası ərzində Avropanın üzdə olan komandalarının matçlarında iş başında olub. Hakimlik dosyesində ən diqqətçəkən oyun Çempionlar Liqasının finalıdır.
2022-ci ilin mayın 28-də “Real Madrid”lə “Liverpul” arasında keçirilən görüşdə Benua dördüncü hakim funksiyasını yerinə yetirib.
Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” dueli saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

