"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev Sportinfo.az-a açıqlama verib.
O, ilk öncə komandasının Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacağı "Bayer Leverkuzen" komandası haqqında danışıb:
"Şansa baxası olsaq, rəqib bizdən üstün görsənir. Həqiqətən də qarşımızdakı çox böyük bir klubdur. Onlara qarşı oynadığımız iki oyunda da buna şahid olmuşuq. Güclərinə bələdik. Uzun müddətdir məğlub olmurlar".
Cəfərquliyev rəqibin güclü olmasına rəğmən təslim olmaq fikrində olmadıqlarını dilə gətirib:
"Amma biz təslim olmaq istəmirik. Hər iki oyunda da öz oyunumuzu oynayacağıq. Çalışacağıq ki, mərhələni keçmək üçün əlimizdən gələni edək".
"Braqa" ilə Bakıdakı cavab görüşündə qırmızı vərəqə ilə cəzalanan təcrübəli oyunçu bu səbəbdən almanlarla ilk matçı buraxmalı olacaq. Onu günlərdi məyus edən də məhz budur:
"Qarşılaşmanı buraxacağım üçün çox təəssüflənirəm. Qırmızı vərəqə aldığım andan belədir. Hətta həmin oyunda kənardan baxıb pis olurdum ki, onlar meydanda canlarını qoyur, ancaq mən kömək edə bilmirəm. İndi də eyni hislər davam edir".
Arxa xətt oyunçusu sonda "Braqa" ilə oyundan sonra baş məşqçi Qurban Qurbanovun qırmızı vərəqə alaraq komandasını çətin durumda qoymasına rəğmən ona dəstək olduğunu sözlərinə əlavə edib:
"Çox pis olmuşdum. Gəldi məni təsəlli etdi. Öpdü, qucaqladı. Dedi ki, oğulsan, üzülmə, heç bir problem yoxdur".
XANOĞLAN

