"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Sportinfo.az-a açıqlama verib.
O, komandasına Avropa Liqasının 1/8 final mərhələsində Almaniya nəhəngi "Bayer Leverkuzen"in rəqib olmasını şərh edib:
"İndiki vəziyyətlə qürur duyuruq. Azərbaycan xalqı da qürur duymalıdır. Təbii ki, istəməzdik ki, bu mərhələdə rəqib "Bayer" olsun. Düzdü, "Liverpul" da çıxa bilərdi. Məsələn, "Slaviya Praqa" digərləri ilə müqayisədə zəif görünə bilər. Amma onların da güclü kollektivləri var. Bəli, ənənəsi daha zəif olan komandanın rəqib olmasını istərdik. Hazırkı vəziyyətlə göz-gözəyik. Bir-birimizi artıq tanıyırıq. Bakıdakı cavab matçında bəxtsiz penalti olmasaydı, fərqli nəticə ola bilərdi. "Braqa" ilə oyundakı qətiyyəti "Bayer"lə oyunda da göstərməliyik və əminəm ki, göstərəcəyik".
Braziliyalı legioner "Braqa" zəfərinin səhəri günü püşk atıldı. Qutudan hazırda Avropanın ən formada olan klubu sizə rəqib oldu. Bu xəbər bir gün əvvəlki sevincinizə kədər qatmadımı" - deyə ona ünvanlanan suala isə belə cavab verib:
"Qətiyyən mənfi təsiri olmadı. Biz artıq tarix yazan bir komandanın parçasıyıq. Ona görə də istər "Barselona", "Napoli" və ya Avropanın başqa adlı-sanlı komandaları rəqibimiz olsa belə, bu, bizə elə təsir etməyəcəkdi. Düzdü, "Bayer" hazırda "Mançester Siti" səviyyədə oynayan top-klubdur. Amma bizim məşqçilər korpusu rəqibləri düzgün analiz edirlər. Hər iki tərəf 11 nəfərlə meydana çıxacaq. Hər şey ola bilər. Sadəcə meydana çıxıb qürurla mübariz aparmaq lazımdır. "Braqa"ya qarşı necə oynadıq? Eyni istəklə davam etmək lazımdır".
Təcrübəli futbolçu sonda 10 il əvvələ gedib, İtaliya "İnter"i ilə matçda hakimlərin yanlış qərarı üzündən (Son dəqiqələrdə Riçard Almeydanın vurduğu təmiz qol hesaba alınmadığı üçün komanda Avropa Liqasının qrupunda qalmışdı) əldən çıxan qələbəni də xatırlayıb: "Məsələn, "Braqa" ilə oyunlarda çoxları düşünürdü ki, rəqib bizi asanlıqla məğlub edəcək. Amma iki görüşün sonunda keçirdiyimiz hislər unudulmaz idi. 10 il əvvəl "İnter"lə görüşdə oxşar hislər yaşamışdıq. Son oyunda hakim yenə baş rolda ola bilərdi. Amma bacarmadılar. Allah o qədər böyükdür ki, hər şeyi doğru-dürüst yoluna qoydu. Məsələn, Nəriman səfər görüşündə imkanı qaçırmışdı. Bakıda məşqçi ona güvəndi və o da həlledici qolu vurdu".
XANOĞLAN

