"Qarabağ" 2023-ü Bəhlul Mustafazadənin ili etdi...

31 Dekabr 2023 22:20 Qarabağ 2 716
"Qarabağ" 2023-ü Bəhlul Mustafazadənin ili etdi...

2023-cü ili milli komandamızın və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadənin aktivinə yaza bilərik.

Əminliklə demək olar ki, 26 yaşlı arxa xətt oyunçusu karyerasının ən parlaq dönəmini yaşadı.

Yerli futbolçuları bir addım qabaqlayan Bəhlul hətta əcnəbi müdafiəçiləri də kölgədə qoydu deyə bilərik.

Mustafazadə o qədər inamlı təsir bağşladı ki, həm milli komanda, həm də "Qarabağ" onsuz meydana çıxdığı görüşlərdə onun yoxluğunu qabarıq hiss etdi.

Bəhlul Azərbaycan millisinin 2023-cü ildə keçirdiyi 9 matçın 5-də 90 dəqiqə meydanda olub.

2 oyunu zədə səbəbindən buraxanan "13 nömrə" bir matçı da İsveç millisini məğlub etdiyimiz (3:0) görüşün 57-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün boşa verib.

Elə milli karyerasındakı ən uğursuz anını da bu matçdakı qırmızı vərəqə ilə bağlaya bilərik. Meydanda olduğu dəqiqələrdə qüsursuz göründüyünü demək lazımdır.

Millidəki ən yadda qalan oyunu kimi isə Belçika yığması ilə Bakıdakı oyunu göstərmək olar. 0:1 uduzduğumuz matçda Bəhlul rəqibin ən təhlükəli forvardı Romelu Lukakunu zərərsizləşdirə bildi və 66-cı dəqiqədə Domenico Tedesko onu əvəzlədi.

Və həmin Lukaku Bəhlulun cəza səbəbindən buraxdığı səfər oyununda (0:5) 4 qolla yadda qaldı. Təsadüf, yoxsa zərurət? Bunu demək çətindir, amma fakt faktlığında qalır.

İlin əvvəlində zədə və digər səbəblərdən Mustafazadə "Qarabağ"ın bir çox matçlarını buraxmalı oldu. Bu, daha çox daxili oyunlara sirayət edirdi. Lakin qayıdışı gözləniləndən çox yaxşı alındı. Qısa müddətdə liderə çevrildi.

Avropa Liqasının qrup mərhələsinin "Molde" və "Hekken"lə ilk iki turdakı görüşlərini buraxanan milli futbolçu avrokuboklardakı digər bütün görüşlərdə meydanda olub və aktivinə 2 qol da yazdıra bilib.

Xüsusilə "Molde" ilə səfər matçının (2:2) son saniyələrində vurduğu bərabərlik qolu çətin ki, nə vaxtsa onun yaddaşından çıxa. Məhz həmin qol "Qarabağ"ı pley-off mərhələsinə daşıdı deyə bilərik.

Premyer Liqada 7, ölkə kubokunda 1 oyun keçirən Bəhlul üçün ilin zirvə nöqtəsi kimi Xankəndidə keçirilən tarixi matça komandasını kapitan kimi meydana çıxarmasını qeyd edə bilərik.

Ümid edək ki, 2024-cü il futbolçumuz üçün daha düşərli olacaq. Və uzun illərdi legioner həyatı yaşaması barədə gəzən söhbətlər, nəhayət məhz yeni ildə gerçək olacaq.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti