“Qələbə bizim olacaq” - Baş məşqçi “ölüm-qalım” oyununa proqnoz verdi

15:00 II Divizion 1 649
“Qələbə bizim olacaq” - Baş məşqçi “ölüm-qalım” oyununa proqnoz verdi

“Bizi “Şimal”la çox çətin oyun gözləyir.

Tək oyun olduğu üçün hər iki komandanın şansını eyni qiymətləndirərdim. Bu cür matçlarda favorit adı çəkmək çətindir”.

“Qaradağ-Lökbatan”ın baş məşqçisi Qəzənfər Abbasov Sportinfo.az-a açıqlamasında qarşıdakı oyunla bağlı fikirlərini dilə gətirib.

Mayın 27-də növbəti mövsümdə L Liqada mübarizə aparmaq yolunda “Şimal” və “Qaradağ-Lökbatan” kollektivləri üz-üzə gələcək.

Şimallılar I Liqanı 11-ci, Lökbatan təmsilçisi isə II Liqanı 2-ci pillədə başa vuraraq pley-offda qarşılaşmaq imkanı yaxalayıb.

Ötən mövsümün yekunlarına əsasən I Liqanı tərk edən “Qaradağ-Lökbatan” əzmkarlıq və istək hesabına özünə doğma olan liqaya qayıtmaq istəyirsə, “Şimal” hazırkı yerini qorumaq iddiasındadır.

Abbasov rəqibin müəyyən üstünlüyə sahib olduğunu gizlətməyib. Eyni zamanda komandasına güvəndiyini də açıq şəkildə bildirib:

“Etiraf etməliyik ki, liqalar arasında fərq böyükdür. Bu məqam bizə müəyyən çətinlik yaradır. “Şimal” ilboyu “Şəfa”, “Səbail”, “Mingəçevir”, “Baku Sportinq” və adını çəkmədiyim digər güclü rəqiblərə qarşı mübarizə apararaq təcrübə toplayıb.

Komandaların fiziki gücünü müqayisə etsək, “Şimal” bizdən nisbətən öndədir. Bu da rəqiblərin gücünə görədir.

Biz II Liqada ilboyu 3-4 ağır görüş keçirmişik. Elə oyunlar da olub ki, çox qaçmadan, çox güc itirmədən qalib gəlmişik. Yəni bu mənada sabitlik olmayıb.

“Şimal” isə I Liqanın iddialılarına qarşı mübarizə aparıb, xal alıb, hətta qələbə qazanıb. Liqa fərqlərini müqayisə edəndə, rəqib nisbətən öndədir.

Heyətləri müqayisə etsək, bizdə də keyfiyyət baxımından yaxşı futbolçular var. Bütün bunları nəzərə alsaq, şansları 50-nin 50-yə dəyərləndirirəm”.

Qəzənfər bəy rəqibin oyununa tərif yağdıraraq qələbə istəyini gizlətməyib:

“Sürətli hücum qurmağı bacaran komandadır. Dediyim kimi, fiziki cəhətdən hazırlıqlı rəqibdir.

Xüsusən gənc futbolçuları yaxşı mənada fərqlənir. “Şimal” I Liqada topladığı təcrübəni ortaya qoysa, bizim üçün çətin olacaq.

Bizim də boş dayanmaq fikrimiz yoxdur. Şamaxıya qələbə dalınca gəlmişik. I Liqaya qayıtmalıyıq. “Qaradağ-Lökbatan”ın sahib olduğu şərait I Liqadakı əksər klublarda yoxdur.

Bu komanda həmişə I Liqada olub. Bura gəlməyimizin məqsədi “Qaradağ-Lökbatan”ı haqq etdiyi yerə qaytarmaqdır. İnşallah, qələbə bizim olacaq”.

Fürsətdən istifadə edən baş məşqçi klub rəhbərliyinə və azarkeşlərə minnətdarlıq edib:

“Mövsümboyu komandanı dəstəkləyən, hər zaman yanımızda olan azarkeşlərimizə təşəkkür edirəm.

Bilirəm ki, “Şimal”la oyunda yanımızda olacaqlar. Gələ bilməyənlər də televizorda baxıb dəstəkləyəcək. Hər birinə “çox sağ ol” deyirəm.

Komandanın rahatlığı üçün hər cür şərait yaradan “Neftçi” İK-nın rəhbərliyinə göstərdiyi inam və verdiyi dəstəyə görə kollektivin adından minnətdarlıq edirik. Bu oyunda qalib gəlməyimiz üçün əllərindən gələni etməyə çalışırlar”.

Mayın 27-də Şamaxı şəhər stadionunda baş tutacaq matçın start fiti saat 16:00-da çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti