I Liqada çempionluğu bayram edən “Şəfa” növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq.
2 il əvvəl II Liqada mübarizə aparan paytaxt təmsilçisi yekunda hədəfə çatmağı bacardı.
Klub rəhbərliyinin baş məşqçi Elgiz Kərəmlinin qarşısına qoyduğu məqsəd komandanı elitaya daşımaq idi ki, gənc mütəxəssis başbilənləri məyus etmədi.
İndi isə Elgiz Kərəmlinin postundan ayrılacağı, onun yerinə başqsının gətiriləcəyi deyilir.
Hansı məntiqlə? Hansı əsasla?
Kərəmli təcrübəsizdir deyə? “Birdən uğursuz olar” düşüncəsi ilə?
Hər bir məşqçi karyerasına bir nöqtədən başlayır. Hansısa klub rəhbəri ona şans verir, dəstək olur, arxasında dayanır və “sən bunu bacaracaqsan” deyir.
Təkcə Rəşad Sadıqov faktını xatırlatmaq bəs edir. 2020-ci ildə “Zirə”nin “sükanı” arxasına gələnə qədər məşqçilik təcrübəsi yalnız “Qarabağ”ın U-19 komandasındakı fəaliyyəti ilə məhdudlaşırdı.
Bu işi futbol oynaya-oynaya görürdü. 2020-də futbolçu karyerasını başa vuran kimi Premyer Liqa təmsilçisinə baş məşqçi təyin olundu.
Ayxan Abbasov, Elmar Baxşıyev, Azər Bağırov kimi mütəxəssislər də aram-aram, pillə-pillə irəliləyib, aşağı yaş qruplarındakı işi və nəticələri ilə bir gün Premyer Liqanın qapısını döyüb.
Elgiz Kərəmli həmkarları arasında futbol nəzəriyyəsini yaxşı bilən, öz üzərində durmadan çalışan biri kimi tanınır. Əlbəttə, hamı kimi onun də zəif tərəfləri var. Öyrənməli və bilməli olan şeylər yetərincədir.
Bəlkə də kimlərsə “Şəfa”nın heyətindəki futbolçuların adını əsas gətirib, “o cür komanda baş məşqçisiz də çempion olardı” şəklində düşünür.
Heyətə adlı-sanlı futbolçuları yığıb, baş məşqçisiz çempion olmaq mümkün görünsəydi, digər klubların həsəd apardığı “Neftçi” bundan əvvəlki iki mövsümü avrokuboklara vəsiqəsiz qalmazdı.
Yəni şərt pulda, imkanda, adda deyil. Komanda qurmaq, onu idarə etmək və sonda hədəfə çatmaq vacib şərtlərdir.
Elgiz Kərəmli “Şəfa”nı II Liqadan I Liqaya yüksəldən, I Liqanın çempionu qismində Premyer Liqaya gətirən adamdır. Sabah Premyer Liqada çalışmaq da onun haqqıdır.
Haqqı ayaqlar altında atıb tapdamağın sonradan hansı fəsadlara yol açdığını futbolda dəfələrlə görmüşük.
Kərəmlini göndərib, yerinə Kurban Berdıyev kimi nüfuzlu və zəngin təcrübəsi olanı gətirsələr, bunu klubun reklamı və ya yüksək nəticələr qazanmaq xatirinə atılmış addımı kimi dəyərləndirə bilərik. Ancaq bir yerlini digər yerli ilə əvəzləmək...
HƏBİB / SPORTİNFO.AZ

