“Bəzən bəxt bizdən üz döndərdi, bəzən kobud səhvlərə yol verdik”

26 May 23:40 Qəbələ 92
“Bəzən bəxt bizdən üz döndərdi, bəzən kobud səhvlərə yol verdik”

“Fikrimcə, çox yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin legioneri İsaak Amoah deyib.

Premyer Liqanın 33-cü turu çərçivəsində Qəbələdə yerli komanda ilə “Şamaxı” arasında baş tutan görüşdə meydan sahibləri 3:1 hesablı qələbəyə sevindi.

Komandaların taleyinə aydınlıq gəldiyindən, oyun formal xarakter daşıyırdı.

Nəticənin necəliyindən asılı olmayaraq qəbələlilər turnir cədvəlini 11-ci pillədə başa vuracaq, İ Liqanın 2-ci ilə (“Mingəçevir”lə) pley-off matçına çıxacaqdı.

Qanalı müdafiəçi qələbənin onlar üçün önəm kəsb etdiyini bildirib:

“Razıyam, yekun nəticə heç nəyi dəyişməyəcəkdi. Lakin bu qələbə pley-off oyunu öncəsi bizim üçün vacib idi. Həmin görüşə qələbə ilə getməyimiz xoşdur.

O ki qaldı mövsümü 11-ci pillədə başa vurmağımıza, ayrı-ayrı oyunlarda nələrisə düz etmədik. Bəzən bəxt bizdən üz döndərdi, bəzən kobud səhvlərə yol verdik.

“Şamaxı”ya qarşı göstərdiyimiz oyunu nümayiş etdirsəydik, yuxarı pillələrin birində yer alardıq. Artıq bu baş verib.

Premyer Liqadakı yerimizi qorumaq üçün pley-offda qalib gəlməliyik. Həmin oyuna ciddi yanaşacağıq.

Qarşıdakı bir həftədə rəqibi təhlil edib, məşqçilər heyətinin tapşırıqlarına qulaq asacağıq”.

Premyer Liqaya vəsiqə verən pley-off dueli mayın 28-də keçiriləcək. Oyunun hansı stadionda baş tutacağı hələ ki, məlum deyil.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti