"Qarabağ"ın zədəli futbolçusu Kevin Medina yaşıl meydanlara qayıtmaq üçün tələsir.
O, hətta bunun üçün qış fasiləsində istirahətindən də imtina edib.
Belə ki, kolumbiyalı müdafiəçi yen ili qarşılamaq üçün vətəninə getmək planın ləğv edib.
30 yaşlı legioner Portuqaliyada başladığı reabilitasiya mərhələsini sona kimi burada davam etdirməyə qərar verib.
Xatırladaq ki, Medina Avropa Liqasının qrup mərhələsinin "Molde" ilə səfər matçında (2:2) ciddi zədə almışdı.
Finlandiyada əməliyyat olunan arxa xətt oyunçusunun ən azı 3-4 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilirdi.
Ehtimal olunur ki, sürətli gedən bərpa prosesi və Medinanın daha erkən oynamaq istəyi onun "Braqa" ilə cavab matçında meydana çıxmasına imkan versin.
Avropa Liqasının pley-off mərhələsininin “Braqa” ilə ilk görüşü 15 fevral Portuqaliyada, cavab matçı isə fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

