2023-cü il sona yaxınlaşır.
Təbii ki, başa çatmaqda olan il futbolçular və onların ailə üzvləri üçün xoş, eləcə də kədərli günlərlə, hadisələrlə yadda qaldı.
Ölkəmizdə top qovan tanınmış komandaların sevilən legionerləri ilə söhbətdə 2023 və qarşıdan gələn 2024-cü illə bağlı 3 suala cavab tapmağa çalışdıq.
1.Yeni ili kiminlər və harada qarşılayacaqsan?
2. 2023 yaddaşında hansı izləri buraxdı?
3. 2024-cü ildən diləyin nədir? Hansı arzularının həyata keçməsini istəyirsən?
İlk həmsöhbətimiz “Qarabağ”ın adından söz etdirən braziliyalı futbolçusu Julio Romaodur.
1.Səyahət yaxşı keçdi, artıq Portuqaliyadayam. 31 dekabrı bizim üçün özəl edən hadisələrdən biri kilsəyə getməyimizdir. İlin son gününü kilsədə keçirəcəyik.
2. Mənim üçün ən önəmli olan 2023-ü sağlam yola salmağımızdır. Ailə üzvlərim, doğma və əzizlərim sağlamdır, rahatdır. İdman karyerası baxımından da uğurlu il olduğunu düşünürəm. Yeni uğurlar əldə etdik, insanların sevgisini qazandıq, futbolçu keyfiyyətləri baxımından inkişaf etdim. 2023 yadımda düşərli il kimi qalacaq.
3. 2024-cü ildə ən böyük arzum özümün və əzizlərimin sağlam olmasıdır. Mənim üçün ən vacib olan budur. Üzümüz gülsün, daim xoş hadisələrə sevinək. Ümid edirəm ki, idman karyeram da mənə uğur gətirəcək. Qarşıdan gələn ildə arzuladığım şeylərin bir çoxunu həyata keçirməyə çalışacağam.
HƏBİB / SPORTİNFO.AZ

