"Qarabağ"ın prezidenti tanınmış müdafiəçini Xankədidən Ağdama necə qaytarıb?

25 Dekabr 2023 19:40 Qarabağ 1 941
"Qarabağ"ın prezidenti tanınmış müdafiəçini Xankədidən Ağdama necə qaytarıb?

“Böyük qayıdış baş tutdu. Uzun həsrət başa çatdı. Allah orudumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Ali Baş Komandanı qorusun. Onun siyasəti güclü oldu. Gözəl hislər, gözəl duyğular idi”.

Bunu Sportinfo.az-a açıqlamasında Azərbaycan Kubokunun “Qarabağ” – MOİK matçını (1:0) izləmək üçün Xankəndiyə gedənlər arasında yer alan “Qarabağ”ın veteran müdafiəçisi Səttar Əliyev dilə gətirib.

Hazırda Ağdam təmsilçisinin Futbol Akademiyasından çalışan mütəxəssis səfər müddətində çox təsirləndiyini bildirib.

O, bunu gənclik illərinin Xankəndidə keçməsi və bura təmsil edən futbol klubunda çıxış etməsi ilə əlaqlənədirib.

Ən yaxşısı hər şeyi Səttar müəllimin dilindən eşidək:

“Məni 1987-ci ildə Xankəndiyə dəvət etmişdilər. Elə onda ermənilərin çirkin niyyətlərinə şahid olmuşdum. Hətta məşq vaxtı mənə zədə yetirməyə belə can atırdılar. Hələ onda murdar hiylələrinə bələd olmuşdum. Xankəndi bir qədər dəyişmişdi. Fərq ondan ibarət idi ki, işğal etdikləri torpaqlarımızdan əldə etdikləri sərvətin az hissəsini bura yatırıblar. Düşünmədilər ki, bir gün buranın öz sahibi gələcək. Bütün Qarabağ torpaqları bizim üçün müqəddəs sayılır. Çünki bu torpaqlarda bizim şəhidlərin qanı axıb.

Məni bu şəhərə çox şey bağlayır. Əvvəla gənclik illərində tez-tez bura gələrdik.

Sonra qismət oldu buranın komandasında da oynadım.

Xankəndi komandası SSRİ çempionatında çıxış edirdi. Biz isə Azərbaycan çempionatında oynayırdıq. Bizimlə Ağdamda yoxlama görüşü oynadılar. Həmin oyunda məni çox bəyəndilər. Müşfiq Hüseynovla məni komandaya dəvət etdilər. Bir ay Xankəndidə bazada qaldım, oyunlar və məşqlərdə iştirak etdim. Fiziki göstəricilərim mənim hər zaman yaxşı olub. Məşqlərdə də bunu göstərirdim. Amma "Ararat"dan gələn futbolçu məşqçiyə etiraz etdi ki, sən onun göstəricilərin düzgün demirsən. İkinci məşqçi Ağdamda yaşayırdı. Düşünürdü ki, aramızdakı münasibətə görə mənə dəstək olur. Hər kəs kənara çəkildi, biz ikimiz eyni vaxtda qaçdıq və mən yenə tez çatdım. Bir sözlə, bütün variantlarla təsir edirdilər ki, mənim komandada qalmağım alınmasın. Bir ay Xankəndidə qaldıq, ancaq bizimlə bir kəlimə Azərbaycan dilində danışan olmadı. Amma Mingəçevirə oyuna gedəndə yolda gördük ki, əməlli-başlı dilimizi bilirlər. Yalnız həmin səfərdə bizim dildə danışmağa başladılar”.

Əliyevin buradan ayrılmasının da xüsusi tarixçəsi var:

“1988-ci ildə hadisələr gərginləşməyə başladı. Ermənilər artıq öz xislətlərin aşkara çıxardılar. Həmin ərəfədə rəhmətlik Adil Nadirov ( "Qarabağ"ın təsisçisi) bizə gəldi. Dedi ki, Səttar, vəziyyət yaxşı deyil. İstəyirəm ki, komandanın adını dəyişib "Qarabağ" qoyaq. O zaman adı "Kooperator" idi. "Qarabağ" adı ilə çempion olaq və çıxaq SSRİ çempionatına. Bilinsin ki, həqiqətən Qarabağ Azərbaycanındır. Fikri məndən başqa bir neçə kənarda olan yerli uşaqları da Ağdama qaytarıb komandanı iddialı etmək idi. Mən də bildirdim ki, heç bir problem yoxdur, hazıram. Sadəcə sənədim Xankəndidə qalıb. Yaxın günlərdə Özbəkistana turnirə getməliydik. Dedi ki, sən narahat olma. Deməli, gecə ilə Xankəndiyə gedib ikinci məşqçini tapıb. Ona bildirib ki, Səttar toy etməyə hazırlaşır. Düzdü, toy 2-3 ay sonra olacaq. Turnirə rahat gedə bilərsiz. Amma kəbin kəsilməsi üçün sənədi lazımdır. Bu adla sənədi alıb gəlmişdi. Ondan sonra mən də komandaya qayıtmadım. Bu da bir qismət idi. Turnirdən qayıdanda ara çox pisləşmişdi. Bəlkə də mənimlə başqa cür davranacaqdılar.

Yığışıb "Qarabağ" adı ilə 1988-ci ildə çempiona olduq. Səfər müddətində həmin meydançada qaçmağım, mənə qarşı sərt oynamaları gözümün önündən lent kimi keçdi”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti