“İmarət”dəki son qolun müəllifi: "Hisslərimi sözlə ifadə edə bilmirəm"

24 Dekabr 2023 22:20 Qarabağ 951
“İmarət”dəki son qolun müəllifi: "Hisslərimi sözlə ifadə edə bilmirəm"

"Hisslərimi sözlə ifadə edə bilmirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Yaşar Hüseynov ölkə kubokunun 1/8 final mərhələsində Xankəndidə "Qarabağ" və MOİK arasında keçiriləcək tarixi oyunla bağlı danışarkən deyib.

30 illik fasilədən sonra işğaldan azad edilən torpaqlarda baş tutan ilk futbol matçını izləmək üçün Xankəndiyə yollanan veteran hücumçu yenidən tarixi torpaqlara ayaq basdığı üçün xoşbəxt olduğunu bildirib:

"Çox sevindirici haldır. Ağdama səfər etsəm də, Xankəndiyə sonuncu dəfə 1987-ci ildə "Qarabağ" - "Avtomobilçi" oyununu izləmək üçün getmişdim. İllər sonra ora qayıtmaq və keçmişi yada salmaq xoşbəxtlikdir".

Y.Hüseynov Ağdamdakı "İmarət" stadionunda vurulmuş sonuncu qolun müəllifidir. O, 1993-cü il mayın 12-də "Qarabağ"ın heyətində Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Turan Tovuz"la matçında fərqlənərək komandasına 1:0 hesablı qələbə qazandırıb. Həmin görüşü xatırlayan keçmiş futbolçu əlavə edib:

"O vaxt müharibə şəraiti olduğu üçün oynamaq çətin idi. Amma biz 1:0 hesabı ilə qalib gəlmişdik və yeganə qolu da mən vurmuşdum. O görüş hər zaman yaddaşlarda xoş xatirə kimi qalacaq".

"Qarabağ" - MOİK oyunu saat 14:00-da Xankəndi şəhər stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti