"Çox gözəl günlərimizdən biri idi, yenidən Xankəndidə olmaq xoş oldu".
Bu sözləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin Xankəndidə keçirilən "Qarabağ" - MOİK görüşündən sonra Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov deyib.
"Atlılar"ın tarixinin ən yaxşı bombardiri statusuna sahib olan veteran hücumçu sözlərinə belə davam edib:
"Uşaqlığım bu şəhərdə keçib. Hətta 18 yaşımda yerli "Qarabağ" komandasında yoxlanışda olmuşam.
Yəni gənclik illərim burada keçib. Xoş xatirələrim var.
Bütün kollektiv olaraq belə bir görüşdə iştirak etmək nəsib oldu. İnşallah, bundan sonra da qədim şəhərimizə sıx-sıx səfərlərimiz olar.
Çox doğma və əziz məkandır. Gəncliyimi yad etdim. Öz evimdə kimiydim.
Sevindirici haldır uzun illərdən sonra Xankəndi stadionunda meydana çıxmaq. O vaxt futbolçu, indi isə məşqçi kimi".
Hüseynov sonda 35 il əvvəl Xankəndi təmsilçisi "Qarabağ"da keçirdiyi günləri də xatırlayıb:
"Burada olduğum müddət çox uzun çəkmədi. Onda hələ hadisələr başlamamışdı.
Səhv xatırlamıramsa, Xankəndidə keçən təlim-məşq toplanışının ardınca komanda ilə birlikdə Özbəkistana getdik.
Lakin biz geri qayıdana kimi Xankəndidə hadisələr start vermişdi. Ona görə də mən düşərgədən ayrılmalı oldum.
Belədə komandada olduğum müddət toplanışla başa çatdı. Çox güman ki, heyətə götürüləcəkdim.
Çünki heyətdə 1 cavan futbolçunun oynaması şərti vardı. Mənim bu baxımdan da oynamaq şansım yüksək idi.
Heyətdə hər kəs erməni idi. Yalnız 3 nəfər Xankədidə dünyaya gələn azərbaycanlı idi.
Mən isə Ağdamdan getmişdim. Və yenidən Ağdama qayıdıb "Qarabağ"da karyerama davam etdim".
XANOĞLAN

