“Omoniya” “Qarabağ”ın “əlinə su tökə bilməz”

25 Sentyabr 2021 17:40 Qarabağ 1 580
“Omoniya” “Qarabağ”ın “əlinə su tökə bilməz”

Sentyabrın 30-da “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olacaq.

Avropa Konfrans Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində GSP stadionunda baş tutacaq qarşılaşmanın təmsilçimiz üçün asan keçməyəcəyi gün kimi aydındır.

Rəqib avrokubokların qrup mərhələlərində iz qoymağı bacarmasa da, təsnifat mərhələlərində pis təsir bağışlamayıb. Üstəlik, bügünkü heyətləri kifayət qədər güclüdür.

Avrokubok macərasına 1966-67 mövsümündə Çempionlar Liqasında start verən Nikosiya təmsilçisi həmin il “Münhen-1860” önündə biabır olub – 1:2, 0:8.

Sonrakı illərdə ÇL-də “Yuventus”, “Bavariya”, “Ayaks” kimi rəqiblərlə üz-üzə gələn kiprlilər bütün hallarda faciəvi nəticələrə üzülüb.

Bu komanda indiyə qədər heç vaxt ali klub turnirinin qrup mərhələsinə yüksələ bilməyib. Ən yaxşı halda pley-offda oynayıb.

“Omoniya” UEFA kuboku, indiki adı Avroliqa olan yarışdakı çıxışıyla da öyünə bilməz. 1986-87 mövsümündən iştirakçısı olduğu turnirdə 4 dəfə pley-offda oynasa da, yalnız 1 dəfə qrup sevinci yaşayıb.

Bu, ötən ilə təsadüf edib. ÇL-də 3 mərhələni inamla adlayan “Omoniya”, pley-offda “Olimpiakos”a “ilişib” və avtomatik Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Qrup mərhələsindəki rəqiblər “Qranada” (0:2, 1:2), “PSV Eydhoven” (1:2, 0:4) və PAOK olub (2:1, 1:1).

İspaniya və Niderland təmsilçisi ilə görüşləri məğlub başa vuran nikosiyalılar yalnız yunanlarda görüşlərdə 4 xal qazanıb ki, bu, qrup sonunculuğundan qurtulmağa kifayət etməyib.

Göründüyü kimi, güclü rəqib kimi qələmə verilən “Ominiya” qrup mərhələsinin zəngin təcrübəsinə sahib deyil. Başqa cür desək, bu müqayisədə son Kipr çempionu “Qarabağ”ın “əlinə su tökə bilməz”.

Ötən ildən bu yana “Olimpiakos”, “Dinamo” (Zaqreb) və “Antverpen” kimi komandaları mübarizədən kənarlaşdırmaqda çətinlik çəkib. Qısası, “Qarabağ” sayıqlığı əldən verməsə, Nikosiyadan Bakıya 3 xalla qayıda bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti