COP29

Onun üçün ən doğru addım Azərbaycanda fəaliyyətinə son verərək ölkəni tərk etməkdir

11 Aprel 21:50 Problem 276
Onun üçün ən doğru addım Azərbaycanda fəaliyyətinə son verərək ölkəni tərk etməkdir

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzünə məruz qalan və bunun nəticəsində ərazilərinin 20 faizi işğal olunan, 1 milyona yaxın vətəndaşı öz yurdlarından didərgin salınan Azərbaycana daxil olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qaçqınlara yardım, itkin düşmüş şəxslərin axtarılıb tapılması istiqamətində fəaliyyət göstərdiyini bəyan etsə də, öz missiyasını tam yerinə yetirə bilmədi.

Qarabağ müharibəsi zamanı 4 min nəfərdən artıq azərbaycanlının itkin düşməsinə baxmayaraq, BQXK-nın onların tapılaraq geri qaytarılması yönündə ardıcıl və məqsədyönlü işlər həyata keçirdiyini söyləmək çətindir.

Çox maraqlı və təəccüblüdür ki, BQXK bir çox azərbaycanlının Ermənistanda əsir düşərgələrində saxlandığına dair dəqiq məlumata malik olsa da, üzərinə düşən vəzifələrin icrasından yayınmaq yolunu seçdi və müxtəlif bəhanələrlə özünü bu prosesdən kənarda saxlamağa çalışdı. O baxımdan, Birinci Qarabağ müharibəsinin gedişində əsir və itkin düşmüş çox sayda azərbaycanlı haqqında indiyə qədər heç bir məlumat əldə edilməməsində BQXK-nın fəaliyyətsizliyinin böyük rolu var.

Bununla belə, İkinci Qarabağ müharibəsi davam edən müddətdə və ondan sonra BQXK ermənilərin problemlərinin həllinə yönəlik proseslərə çox fəal şəkildə qoşuldu. Komitənin erməni təəssübkeşliyindən qaynaqlanan “fədakar fəaliyyəti” sayəsində 1700-dən artıq erməni hərbçisinin cəsədi aşkarlanaraq Ermənistana təhvil verildi.


İkinci Qarabağ müharibəsindən sonra Xankəndidə avtonom qaydada fəaliyyət göstərməyə başlayan BQXK öz davranışlarında beynəlxalq hüquqa, Azərbaycan qanunlarına açıq hörmətsizlik nümayiş etdirməkdən çəkinmədi. Digər tərəfdən, komitənin Xankəndidə yenidən strukturlaşması BQXK-nın Azərbaycanda faktiki olaraq, iki mərkəzinin fəaliyyət göstərməsi anlamına gəlirdi. Burada diqqət yetirilməli əsas və qəbuledilməz məqam isə komitənin Xankəndi ofisinin “öz” büdcəsinə malik olması, müstəqil kadr seçimi həyata keçirməsi və daha çox Ermənistana inteqrasiya olunmuş formada fəaliyyət göstərməsi idi.

Qeyd olunan nüansları nəzərə alan Azərbaycan BQXK-ya dəfələrlə müraciət edərək Xankəndi ofisinin statusunun dəyişdirilməsini tələb etsə də, qurumun rəhbərliyi bütün bu müraciətlərə məhəl qoymayaraq özünü “suveren subyekt” kimi aparmaqda davam edirdi.

Xatırlatmaq yerinə düşər ki, bütün bunlarla yanaşı, ekoloji məsələlərlə bağlı azərbaycanlı ekofəalların 2021-ci ilin dekabrında Laçın yolunda etiraz aksiyaları təşkil edərkən, BQXK-nin Xankəndi ofisi qanunsuz daşımalar həyata keçirərək, əslində, bununla faktiki olaraq qaçaqmalçılıq fəaliyyəti göstərirdi. Bu səbəbdən, komitənin iki əməkdaşı o zaman “persona non qrata” elan edilərək Azərbaycandan çıxarılması təsadüfi olmamaqla bərabər, yerində atılmış zəruri addım kimi qiymətləndirildi.


BQXK-nin öz fəaliyyətində müxtəlif ölkələrə münasibətdə ikili standartlara əsaslanmasını birbaşa təsdiqləyən daha bir məqam Rusiya-Ukrayna müharibəsinin gedişində qabarıq üzə çıxdı. Nə qədər təəccüblü olsa da, Ukraynanın Donetsk vilayətinin yaşayış məntəqələri üçün nəzərdə tutulan humanitar yardımların Moskvadan deyil, Kiyevdən aparılması tələbi ilə çıxış edən BQXK 44 günlük müharibədən sonra Azərbaycanın Ağdam yolunu açmasına və Komitənin yardımlarının bu yolla çatdırılmasına şərait yaratmasına baxmayaraq, yardımların ciddi-cəhdlə məhz Laçın yolu ilə daşınmasında israr edirdi. Bu yanaşma komitənin humanitar məsələləri də öz maraqlarına uyğun siyasiləşdirməsinin birmənalı göstəricisidir.

Mövzuya aid mühüm detallardan biri də vaxtilə BQXK-nin Bakı ofisinə rəhbərlik edən, hazırda isə qurumun Avropa və Şərqi Asiya departamentinin rəhbəri olan Arian Bauerin İkinci Qarabağ müharibəsindən sonra yeni savaşın alovlanacağı və onların Xankəndidə fəaliyyətinin hələ uzun müddət davam etdirməsinə ehtiyac duyulacağına dair “peyğəmbərliyi”dir. Qərb dövlətlərinin hazırda Cənubi Qafqazda sülhün bərqərar edilməsinə istiqamətlənmiş təşəbbüsləri bloklamağa, regionda gərginliyi artırmağa çalışdıqlarını gördükdə, Bauerin vurğulanan “peyğəmbərliyi”nin haradan qaynaqlandığını görmək çətin deyil.


Bütün bu nüanslar ümumiləşdirildikdə, BQXK-nın Xankəndidə “müstəqil” ofisinin fəaliyyət göstərməsinin məqsədəuyğun olmaması qətiyyən şübhə doğurmur. Ona görə də Xankəndi ofisinin fəaliyyətinin dayandırılması haqqında doğruluğu şübhə doğurmayan qərar qəbul edildi. Ancaq komitə burada da ənənəvi yanaşmasından kənarlaşa bilmədi və nəticədə Xankəndi ofisinin bağlanmasına dair məlumat da BQXK-nin Bakı deyil, İrəvan ofisi tərəfindən ictimailəşdirildi.

BQXK Xankəndi ofisinin artıq Bərdəyə köçərək orada fəaliyyət göstərdiyini bəyan edib. Ancaq bu da komitənin Azərbaycanda yenə iki ofislə təmsil olunduğu reallığını dəyişmir. Ümumiyyətlə isə müharibənin bitməsindən sonra BQXK-nin Azərbaycanda fəaliyyətini şərtləndirən heç bir amil qalmayıb. Ona görə də komitə üçün ən doğru addım Azərbaycanda fəaliyyətinə son verərək ölkəni tərk etməkdir. Azərbaycanın Qızıl Aypara kimi təşkilatın mövcudluğu şəraitində BQXK-nin ölkədə qalmasına, həqiqətən, heç bir ehtiyac yoxdur (report).

Digər Xəbərlər
Xəbər Lenti