Məşqçilər Komitəsinin De Byazi ilə bağlı sirli hesabatı - Nə yazılıb?

25 Noyabr 2021 10:40 Problem 2 081
Məşqçilər Komitəsinin De Byazi ilə bağlı sirli hesabatı - Nə yazılıb?

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Futbol+” qəzetinə verdiyi açıqlamada bildirib ki, yığmanın baş məşqçisi Canni De Byazinin fəaliyyəti ilə bağlı hesabat hazırlayıblar. Amma Vaqif müəllim bu hesabatın detallarını açıqlamaqdan imtina edib.

Bildirib ki, yalnız De Byazinin müqavilə müddəti başa çatdıqdan sonra hesabatda yer alanlar haqda danışmaq olar.

Vaqif müəllim onu da deyib ki, hesabat İcraiyyə Komitəsinə də təqdim olunacaq.

Amma “Sportinfo.az” artıq hesabatla bağlı bəzi məlumatlar əldə edib. Məşqçilər Komitəsi hesabatı icraçı vitse-prezident Elxan Məmmədova təqdim edib.

AFFA-dakı mənbəmiz isə hazırda Elxan Məmmədovun stolunun üstündə olan hesabatda yazılanların bəzi detallarını “Sportinfo.az”-a ötürüb. Beləliklə, sirli hesabatda nələr var?

Məşqçilər Korpusunun sədri Vaqif Sadıqovun hesabatdakı qeydində vurğulanır ki, De Byazinin rəhbərlik etdiyi yığmanın oyununda müasir oyun elementləri sezilməkdədir.

Vaqif müəllim bildirib ki, amma bu oyun elementləri hələ cücərmə mərhələsindədir. Onu mütəmadi olaraq sulamaq lazımdır ki, yetişsin.

Vaqif müəllimin qəanətincə, Azərbaycanda sulama mütəxəssisi (xüsusən də yeni oyun elementləri üzrə) olmadığı üçün De Byazinin yığmada saxlanılması məqsədəuyğundur.

Ağsaqqal mütəxəssis Ağasəlim Mircavadov isə qeyd edib ki, De Byazi Berti Foqtsdan fərqlənir, görüşəndə onların üzünə gülümsəyir, hətta, kefi kök olanda əl də uzadır.

Ağasəlim müəllim xüsusi olaraq qeyd edib ki, De Byazi Bakı sosiskası yeməyə meyilli olsa da, pivə içmir (adamın heç inanmağı gəlmir).

Üstəlik, onu da bildirib ki, italyan halal sosiska yeyir. Ağasəlim müəllim bu xüsusiyyətlərini nəzərə alaraq, De Byazini “mömin avropalı” adlandırıb və təklif edib ki, onu yığmada saxlayaq. Ona da ümid bəsləyib ki, gələcəkdə De Byaziyə namaz da qıldıra bilərlər.

Əsgər Abdullayevin də qeydi orijinallığı ilə fərqlənir. Əsgər müəllim yazıb ki, De Byazi yeniliklərə açıq mütəxəssisdir və səmərələşdirici təklifləri qəbul edir.

Qeyd edib ki, italyan mütəxəssis onun təklifini bəyənib. Əgər yığmada işini davam etdirsə, qarşılaşmalardan əvvəl keçirilən toplanışlar zamanı futbolçulara ancaq qara toyuğun yumurtası veriləcək.

Şahin Diniyev isə piramida haqda danışıb. Deyib ki, piramidanın bünövrəsi olmalıdır.

De Byazi də Şahin müəllimə söz verib ki, piramidanın bünövrəsinin necə atıldığını öyrənmək üçün mütləq Misirə gedəcək. Ona görə də, Şahin müəllim də italyanın yığmada qalmasını təklif edib.

Hesabat yaxın günlərdə İcraiyyə Komitəsinə təqdim olunacaq. Görək İK üzvləri bu hesabatı nəzərə alacaqlarmı?

Bilmirik ki... Amma onu nəzərə alın ki, İK indiyə qədər nəinki hesabatlara, heç Məşqçilər Korpusunun üzvlərinə də vız atmayıb.

BİZ

Digər Xəbərlər
Xəbər Lenti