Asan görüntü, köhnə "haqq-hesab" və mütləq 3 xal məcburiyyəti

30 Sentyabr 2022 16:00 Premyerliqa 407
Asan görüntü, köhnə "haqq-hesab" və mütləq 3 xal məcburiyyəti

Azərbaycan millisinin Slovakiya və Qazaxıstana qarşı oyunlarına görə Premyer Liqada yaranmış fasilə bu gün başa çatır.

Təxminən 2 həftəlik sükuta Bayılda son qoyulacaq. Burada "Səbail" "Qəbələ"ni qəbul edəcək. İlk baxışdan qonaqlar üçün asan oyun təsiri bağışlaya bilər.

Hər halda bu il iddialı komandalarla oyunda uğursuzluq yaşasa da, ortabab və autsayder komandalarla oyunlarda bölgə klubu qarşısıalınmazdı. O baxımdan Elmar Baxşıyevin yetirmələrini növbəti qələbənin astanasında görmək təəccüblü sayılmamalıdır.

Digər tərəfdən meydan sahibləri mövsümə iddialı görüntüsü ilə start versə də hələ ortada həmin iddianın ilk hərfi də yoxdur. Arxada qalan 7 turda komanda yalnız səfərdəki "Sabah" bərabərliyi (0:0) ilə öyünə bilər. Ki, bir güllə də bahar olmaz axı.

Bu komandalar arasındakı statistika isə gərgin oyundan xəbər verir. Belə ki, son 9 qarşılaşmada Bayıl təmsilçisi güclü rəqibindən 3 qələbə qopara bilib. 4 məğlubiyyət alan komanda 2 halda bərabərliyə razılaşıb.

Ötən mövsümdən qalan haqq-hesabı da unutmaq olmaz. İlk dövrə səfərdə darmadağın yaşayan (0:5) "Səbail" son dövrədə bunu əvəzini "ASCO Arena"da çıxa bilmişdi - 3:0.

Həmin məğlubiyyət avrokuboklar üçün gərgin mübarizə getdiyi dönəmdə "qırmızı qaralar"a ciddi zərbə olmuşdu. Düzdü, sonda Avropaya bilet əldə olundu, amma həmin məğlubiyyət son anda bürüncün əldən çıxmasında az rol oynamadı.

Bu gün isə Qurbanovun yetirmələri qələbə ilə ölən iddiasını dirildə bilər. Qonaqlar isə ilk dördlükdən uzaq düşməmək üçün mütləq 3 xalla evə dönməlidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!