"Mən "Qarabağ"ı onlarsız ağlıma belə gətirmək istəmirəm"

27 Fevral 2021 19:00 Premyerliqa 1 001
"Mən "Qarabağ"ı onlarsız ağlıma belə gətirmək istəmirəm"

«Pro» kateqoriyalı məşqçi Ramiz Məmmədov Premyer Liqanın 17-ci turunun «Qarabağ» - «Səbail» (1:0) və «Sabah» - «Keşlə» (1:1) qarşılaşmalarını Sportinfo.az üçün dəyərləndirib.

"Qarabağ" - "Səbail"

Səbirsizliklə gözlənilən bir oyun idi. Ancaq bu oyunun daha maraqlı alınması üçün "Neftçi"nin məğlub olması lazımdı. O da baş verdi. Hər kəs "Qarabağ"dan rahat qələbə gözləyirdi. Mən ötən dəfə "Səbail"in kubokda iki gözəl oyun keçirdiyini qeyd etmişdim. Aftandil Hacıyev komandanı "Sumqayıt"a qarşı çox gözəl kökləmişdi. Bu oyun göstərdi ki, "Səbail" kimlərinsə dediyi kimi zəifləməyib.

Mən deyərdim ki, hər oyun mübariz və döyüşkən oyun göstərirlər. Heyət baxımından bir o qədər kasad olduğun deməzdim. Amma ehtiyat skamiyası geniş olmayan komandada Aftandil Hacıyevin növbə ilə oynatdığı heyət özünü doğruldur. Bu dəfə Kamran Ağayevin qırmızı vərəqəyə görə oynamaması hardasa özünü göstərdi. Düzdür, komandanın içində Rahid, Adil, Urfan və Amil kimi futbolçular da var. Əfran və Rauf bu oyunda əsas heyətdə yox idi.

Hiss edirdim ki, bu, Aftandil Hacıyevin taktiki gedişi idi. İkinci hissə oyunu qüvvətləndirmək baxımdan atılan addımıydı. O da özünü doğrultdu. "Qarabağ" topu özündə saxlamağı sevir. Əksər oyunlarda 60-65% top "Qarabağ"da qalır. Yenə elə oldu və "Qarabağ" bilirdi ki, bu qələbə onlara çox lazımdır.

"Neftçi" ilə oyunda itirdikləri 3 xalı bərpa etməliydilər. Qurban Qurbanovun qurduğu heyət, nəhayət, Xayme Romeronun 71-ci dəqiqədə cərimə zərbəsindən ustalıqla vurduğu qoldan sonra irəli çıxdı, üstünlüyü sona kimi əldən vermədi. Ümumilikdə ərazi üstünlüyü "Qarabağ"da idi. Amma Amil Yunanovun qol imkanı oldu. Həmin imkanı qol çevirə bilsəydi, sonluq daha dramatik alınardı.

Bilirik ki, qol buraxdıqdan sonra komandanı toparlamaq çətin olur. Amil qolu vura bilsəydi, "Qarabağ" "Neftçi"dən sonra ikinci zərbəni alacaqdı. Filipp Ozobiçin oyuna çıxmasını, Abdulla Zubirin yarımmüdafiənin cinahında üstünlüyünü və Xaymenin yaxşı çıxışını qeyd edərdim. Gənclərdən Elvin Cəfərquliyevin adını çəkərdim.

Düzdür, bir yerdə səhvə yol verdi, amma cavan futbolçular səhvlər üzərində öyrənirlər. Bu da ona bağışlanmalıdır. Ələlxüsus, Qaranın oyununu qiymətləndirmək istərdim. O cümlədən, Patrik Andrade. Qara Qarayev artıq neçə ildir "Qarabağ"ın liderinə çevrilib. Mən "Qarabağ"ı Qarasız, Maksimsiz ağlıma belə gətirmək istəmirəm.

Ümumilikdə, "Qarabağ" lazım olan qələbəni qazandı. Eyni zamanda, Aftandil Hacıyevə böyük "sağ ol" düşür ki, "Qarabağ" kimi komandanın qarşısında oyun üstünlüyü qoyması onun baş məşqçi kimi püxtələşməsini göstərir. Oyunçuları növbə ilə oynatmağı bacarır. Hakim oyunu çox yaxşı idarə elədi, ağırlığın öhdəsindən gəldilər. Rauf Cabbarovun biriqadası ən yüksək qiymətə layiqdi. Çünki oyunun cilovunu əldən vermədilər.

"Sabah" - "Keşlə"
Turnir cədvəlində 7-ci və 8-ci yeri bölüşdürən komandalar qarşılaşırdı. Xalları göz qabağındadır. Keçən oyun "Sabah"ın "Səbail"ə məğlub olmuşdu və gözlənilirdi ki, 3 xal üçün meydana çıxacaqlar. "Keşlə" də "Zirə" ilə oyunda qalibiyyəti son dəqiqələrdə əldən vermişdi. İtirilən xalın yerini doldurmaq üçün səfərə yollanmışdılar. Oyunun əvvəlindən hiss olunurdu ki, Sənan Qurbanovun gəlişindən sonra uşaqlarda əsəb pozğunluğu yoxdur. Kubokda "Kəpəz" üzərində qələbədən sonra "Zirə" ilə oyunda da komanda pis təsir bağışlamadı. Sadəcə, xırda bir səhv etdilər və sona yaxın ayıq-sayıqlığı itirdilər. "Sabah" oyuna sürətli başladı. Fofana diqqətimi çəkdi. Bəhlulun, Alekseyin, Təmkinin, Kubembanın fəallığı var idi. Ümumi olaraq, "Sabah"da Slavik, Ruslan, Coşqun, Ramil, Amil, Rodriges kimi futbolçuların ehtiyatda qalması xoşagələn deyildi.

Bu uşaqlar Azərbaycan millisinin özəyi olmasa da, hər biri öz sözünü demiş futbolçulardır. Onlardakı inamsızlıq, mənə elə gəlir ki, baş məşqçi tərəfindən yaranıb. İlk dəqiqədən hücuma atıldılar, üç real qol vəziyyəti yarada bildilər. Bu zaman Stanislav Namaşkonun inamlı oyunu rol oynadı. 2 zərbə isə qapı tirindən qayıtdı. Şans "Keşlə"nin tərəfində oldu. Birinci hissədə "Sabah" pis təsir bağışlamadı. "Keşlə" düzgün taktika seçdi. Ağlllı şəkildə müdafiə olunub, "Sabah"ı əks hücumda tutmaq istəyirdilər. Qol epizodları da yarada bildilər. Xüsusilə Vüsal İsgəndərlinin oyunun qeyd edərdim. Sezar Meza Kolli bütün oyunboyu öz liderliyini göstərdi. Onun haqda danışmağa dəyməz, hər zamankı kimi oyunu öz üzərinə götürür. Sənan Qurbanov öz üslubunu aşılamağın öhdəsindən pis gəlmir. Sadio Tounkaranın zədəsi var, o da meydanda olsaydı, "Keşlə" qələbə qazana bilərdi. Sol cinahdan asmadan sonra 91-ci dəqiqədə Fofananın vuruduğu qol, mənə elə gəlir ki, "Keşlə"ni üzməyə bilməz. Son iki oyunda 4 xal əldən çıxıb. Buna görə yalnız müdafiəni günahlandırmaq olmaz. Problem komandanın vaxtından əvvəl arxayınlaşmasıdır.

Müdafiə və yarımmüdafiə xəttində olanlarla ciddiyət çatışmır. Son dəqiqələrdə cinahlardan asmalara imkan vermək olmaz. Bilirik ki, asmalar 50-50-yə qol deməkdir. Hər iki oyunda da sadə vəziyyətdən buraxılan qollara görə "Keşlə" 4 xal itirib. Həmin 4 xal olsaydı, bu gün "Sumqayıt" və "Qəbələ"yə çox yaxınlaşardılar. İnanıram ki, qarşıdakı oyunlarda "Keşlə" ümidləri doğruladacaq. Qarşı tərəfdə Visente Qomes komandanı dərindən idarə edə bilmir. Hamı pərən-pərən düşüb. Bu, daxildə olan problemləri göstərir. Rodriges, Ruslan, Slavik, Ramil, Coşqun kimi oyunçular əgər ehtiyatda otururlarsa, deməli, böyük problem var. Qomes Azərbaycanda qonaq olsa da, biz bunu qeyd eləməliyik və yəqin ki, xətrinə dəyməz. Mən bu gün komandanın belə günə düşməsinin günahını baş məşqçidə görürəm. Oyunçuların hər birini özü analiz edib komandaya götürüb. Mən o futbolçularda bir günah görmürəm. Yenə də gələcək oyunlarda komandaya Visente Qomesin rəhbərliyi altında uğurlar arzulayıram. Ümid edirəm ki, onlar da bu qara zolaqdan çıxarlar.

Digər Xəbərlər
Xəbər Lenti