"Ərizə yaz, sən “Neftçi”nin səviyyəsini aşmısan”

28 Mart 2020 22:40 Neftçi 1 056
"Ərizə yaz, sən “Neftçi”nin səviyyəsini aşmısan”

55 yaşını tamamlayan Aleksandr Jidkov Azərbaycan futbolunun yetirməsi olmasa da, futbolumuzun, konkret “Neftçi”nin, hətta deyərdim ki, Azərbaycan yığmasının da uğur qazanması naminə fədakarlıq etməkdən heç vaxt çəkinməyib.

Və o, mərhum Valeri Lobanovskinin taleyinə balta çaldığı çoxsaylı sovet futbolçularından nə birincisidi, nə də sonuncusu.

Görünür, bəzən qərar verərkən daha dərindən düşünmək, bütün müsbət və mənfi məqamları saf-çürük etmək lazımdı. 1984-cü il aprelin 1-də, məhz Kiyev “Dinamo”su ilə səfər oyununda ilk dəfə “Neftçi”nin ağ-qara formasını geyən, yenicə 19 yaşını tamamlayan qapıçı növbəti üç mövsümdə də komandasının vazkeçilməz adlarından oldu,

87-də SSRİ çempionatının 33 ən yaxşı oyunçusu siyahısına (Dasayevlə Xarindən sonra – 3-cü qapıçı kimi) düşdü. Nəinki bu siyahıya, həm də Valeri Vasilyeviçin toruna düşdü, Kiyevdə və SSRİ yığmasında heyətdə yer alacağını deyən şirin dilinə aldandı və çox tezliklə aldanmış kəvakibə döndü...

Jidkov dünyaya Stavropol vilayətinin Prikumsk (indiki Budyonnovsk) şəhərində gəlib, Rostovdakı idman internatında oxuyub və 1981-də SSRİ çempionatının 2-ci dəstəsində yarışan “Atommaş”a dəvət olunub. 1983-də keçirilən SSRİ xalqlarının Spartakiadasında RSFSR yığmasının heyətində gümüş medal qazanandan sonra eyni vaxtda üç klubun – “Torpedo”, ÇSKA və “Neftçi”nin diqqətini cəlb edib. Jidkov çağırış yaşında olduğuna görə ya ÇSKA-nın, ya da Rostov SKA-sının şərəfini qoruyacağını düşündüyü vaxt bizimkilər, yəni mərhum Fuad Musayevi də məsələdən xəbərdar edən “Neftçi” rəhbərliyi yüngülvari biclik işlədib: yeniyetmə qapıçının sənədlərini tələm-tələsik yığaraq, tərkibində hərbi kafedra olan Azərbaycan Tibb İnstitutuna qəbul etdiriblər. “Neftçi” rəhbərliyini tələsdirən əsas məqam o idi ki, uzun illər komandanın qapısını inamla qoruyan, sözün bütün mənalarında şəxsiyyət olan Sergey Kramarenko artıq 38 yaşını tamamlamaq üzrə idi, 1984 mövsümündə “sükan arxasında” olan Kazbek Tuayevə isə etibarlı əvəzedici lazım idi. Debüt mövsümündə 19 oyuna çıxan Saşa 1985 mövsümü ərəfəsində baş məşqçi postunda Ruslan Abdullayevi əvəzləyən Vyaçeslav Solovyovun özü ilə gətirdiyi Vyaçeslav Çanovun kölgəsində qaldı. 1986 mövsümündə komandanı artıq Jidkovun potensialından xəbərdar olan Abdullayev çalışdırırdı. Mövsümə fırtına kimi başlayan “Neftçi”də sonradan komandadaxili münaqişə başladı, Abdullayevin uzun müddət düşərgədə olmaması da işləri korladı, belədə bakılılar həmin ili vərdiş etdiyi mövqedə - 13-cü yerdə bitirdi. 1987 Azərbaycanın “Neftçi”yə, nəticələrə, futbola görə sevindiyi son il oldu. Yəni 1988-in gəlişi ilə məlum hadisələr başladı, futbol artıq heç kimə lazım olmadı, “Neftçi” də diqqətdən kənarda qaldı və bunun məntiqi nəticəsi kimi elita ilə vidalaşdı. Amma 87-yə qayıdaq. Həmin mövsüm indi gözümün önündən kino lenti kimi keçir. Sanki komandanın obrazı dəyişmişdi, bakılılar həmişəki “evdə xoruz, çöldə fərə” imicindən qurtulmuşdular, məsələn, evdə “Metallist”lə oyunda çox acı məğlubiyyətlə üzləşə, amma səfərdə də “Zenit”, Moskva, Kiyev, Minsk “Dinamo”su kimi güclü komandaların əsəbləri ilə oynaya, hətta qalib gələ bilirdilər. Və həmin komandanın ulduzlarından biri də 8 penaltidən 4-nü dəf edən, cərimə meydançasının ağası olan, etibarlı oyunu ilə komanda yoldaşlarına inam aşılayan Jidkov idi. Təsadüfi deyil ki, komanda mövsümü 9-cu yerdə, özü də son illərdə ilk dəfə top fərqində müsbət saldo (33-30) ilə bitirdi. Oyunların 29-da “çərçivə”ni məhz bugünkü yazımızın qəhrəmanı qorumuşdu.

Bundan sonrası hər kəsə bəllidi. 1984-dən bəri SSRİ-nin yeniyetmələrdən və gənclərdən ibarət yığmasına çağırılan, böyük ölkənin ən istedadlı qapıçılarından sayılan birisi əsas yığmaya yaxın düşə bilmək üçün “Neftçi”ni tərk etməliydi. Bakılılar üçün uğurlu bitən 1987 mövsümünün ardından daha Lobanovskinin dilətutmalarına dözmədi, xoşbəxtlik dalınca Kiyevə yollandı. Mərhum və ünlü məşqçinin ruhu məndən inciməz, amma hər şeyi də öz adıyla çağırmaq lazımdı. Gənc qapıçının könlünü birdəfəlik fəth etmək istəyən Lobanovski hətta 88-in fevralında onu SSRİ yığmasının İtaliyanın Çokko şəhərində təşkil olnan təlim-məşq toplanışına 3-cü qapıçı (Dasayev və Çanovla yanaşı) kimi apardı, 6 yoxlama oyununda qapını tapşırdı. Artıq gözlər “Neftçi”nin sabiq qapıçısının üzərində idi. Hamıya elə gəlirdi ki, tezliklə o, nəinki “Dinamo”nun, həm də SSRİ yığmasının əsas qapıçısı olacaq. Amma Lobanovski Jidkovu, yumşaq desəm, aldatdı. Daha doğrusu, 1988-ci il, martın 27-də Kiyevdə keçirilən “Spartak”la oyundakı kobud və 1:2 hesablı məğlubiyyəti şərtləndirən səhvi ona bağışlamadı. Halbuki mövsümün hələ 4-cü oyunu idi, irəlidə o səhvi aradan qaldırmaq üçün nə qədər oyun olacaqdı... Kinli Lobanovski Saşanı nəinki mövsümün sonuna qədər ehtiyatda oturtdu, hətta əvəzedici heyətdə meydana çıxmasını da lazım bilmədi. Onun sözünün qabağına söz çıxarmayan klub rəhbərliyi qapıçını transfer etmək istəyən başqa komandaların da təklifini yerə saldı. Oynamaq istəyi ilə alışıb-yanan Jidkov hətta baş məşqçiyə yaxınlaşaraq, yarımilliyə “Neftçi”yə buraxılmasını xahiş etdi. Amma yox, Valeri Vasilyeviç bir səhvə görə onun qələmini əbədi qırmışdı, nəinki əsas heyətdə oynamaqdan, SSRİ yığmasının formasını geyməkdən də söhbət gedə bilməzdi. Yalnız Lobanovski BƏƏ-yə yollanandan bir qədər sonra Jidkov canını “Dinamo”dan qurtardı. İstedadı çiçəklənən vaxt illərlə yaşıl meydana həsrət qalan qapıçı artıq həmin adam deyildi. Bundan sonra daha 10 il müxtəlif klubların şərəfini qorusa da, onu “Neftçi”dəki oyunu ilə bütün SSRİ-də tanıdan səviyyəyə dönə bilmədi. Uzunmüddətli karyerasının sonunda tərcümeyi-halının “uğurlar” xanasında “SSRİ çempionatının bürünc medalçısı”, “SSRİ kubokunun sahibi” ifadələrindən başqa heç nə yazılmadı. Halbuki Lobanovski onu Kiyevə aparanda heyətdə yerlə yanaşı, mənzil-məişət məsələlərinin həllini də vəd etmişdi. Heç bir vədini tutmadı...

Şəxsən mən 1994-cü ildə artıq İsraildə çıxış edən Jidkovun bir başqa ölkənin yox, məhz Azərbaycan yığmasının formasını geymək qərarını verməsinin, həmin vaxtdan 1998-ə qədər 21 oyunda yığmanın şərəfini qorumasının altında yatan mənadan xəbərdar deyiləm. Sadəcə, bütün olanları, gördüklərimi, oxuduqlarımı təhlil edəndən sonra bu qənaətə gəlirəm ki, Jidkov məhz yarıyolda qoyduğu “Neftçi”, ona diplom verən Azərbaycan qarşısında günahlarını yumaq, peşmanlıq hissindən azacıq qurtulmaq üçün belə seçim etmişdi. Yoxsa heç bir ciddi hədəfi olmayan, özü də qaçqın həyatı yaşayan bir yığmanı seçmək üçün başqa hansı əsas, hansı səbəb ola bilərdi?!

...Və futbolçu həyatı belə qəribəliklərlə zəngin olur. Bir səhv qərar, daha doğrusu, bütün ölkənin zəhmindən çəkindiyi Lobanovskinin kini adamı haralara apara bilərmiş – Jidkovun taleyi buna dair çox parlaq nümunədi! (Futbol+)
HUŞƏNG

Sitat
- Gəlin 13 il əvvələ, Valeri Lobanovskinin sizi Kiyev “Dinamo”suna çağırdığı vaxta qayıdaq. Həmin vaxt yəqin ki bundan yaxşı təklif arzulamaq olmazdı.
- Haqlısız, önümdə cəlbedici perspektivlər açılmışdı. 1984-dən müxtəlif yığmalara - əvvəlcə yeniyetmələrə, sonra, yəni Nikolayevin vaxtında gənclərə cəlb olundum. Nəhayət, Valeri Vasilyeviç məni milli komandanın Simferepoldakı toplanışına çağırdı. Metrə yaxşı təsir bağışladım və bir müddət sonra Moskvada keçirilən yoldaşlıq oyununa dəvət aldım. Oyundan əvvəl Lobanovski məni otağına çağırdı: “Yığmada oynamaq istəyirsən?” – “Əlbəttə, istəyirəm!” – “Onda “Dinamo”ya keçmək üçün ərizə yaz. Sən “Neftçi”nin səviyyəsini aşmısan”. Çox düşünmədim...

2003-ün iyulunda “Sport-Ekspress”ə verdiyi müsahibədən...

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda