“Kəpəz”ə məğlubiyyətdən sonra miks-zonada dayanan jurnalistlərin əsas istəyi “Neftçi”nin futbolçularından müsahibə almaq, məlum vəziyyətə aydınlıq gətirmək idi.
“Neftçi Arena”dakı oyunlardan sonra zirzəmidən avtoparkinqə açılan qapı vasitəsilə aradan çıxan oyunçuların bu dəfə belə bir şansı yox idi.
Tovuz şəhər stadionunda əlverişli imkan olmadığından, istəsələr də, istəməsələr də, hamısı bir-bir önümüzdən keçəcəkdi. Keçdilər də.
“Danışmaq istəmirəm, nə danışım, başqa vaxt danışarıq” kimi bəhanələrlə aradan çıxmağı qəhrəmanlıq saydılar.
Aralarında yalnız Yuri Matias özündə cəsarət tapıb müsahibə verməyə razılaşdı. Həm də candərdi yox ha, canla-başla. Çantasını avtobusa qoymaq üçün icazə istəyib, gedib qayıtdı.
Mərdi-mərdanə sinəsini irəli verib uğursuzluqda hər kəsin günahkar olduğunu etiraf etdi. Rəhbərlikdən tutmuş futbolçulara qədər – hamının məsuliyyət daşımalı olduğunu bildirdi.
Bu azmış kimi, komanda yoldaşlarını güzgünün qabağında dayanıb, mənliyi qarşısında cavab verməli olduğunu da dilə gətirdi. Çox sərt danışdı.
İllərdir ortada yeyib, qıraqda gəzən yerli futbolçuların, həmçinin, Azərbaycan pasportunu daşıyan Filip Ozobiçin bacarmadığını komandaya 1 il əvvəl gələn braziliyalı etdi.
Və göstərdi ki, çörək yeməyi bacardığı kimi haqqını verməyin də öhdəsindən gəlir.
Yoxsa Rusiyada doğulub, Azərbaycana ancaq pul tələsi kimi baxan Emin Mahmudov, Ramil Şeydayev, Azər Əliyev kimilər?
Nə danışacaqlar? Nə deyəcəklər?
Onları maraqlandıran cibləridir, müsahibə vermək, xalqdan üzr istəmək, azarkeşin qarşısında baş əymək yox.
HƏBİB / SPORTİNFO.AZ