
“Neftçi” yeni idman direktoru Zaur Əzizovun gəlişi ilə transfer bazarında fəallığı artırdı.
Qış fasiləsində 6 futbolçunu göndərib, 5 futbolçu ilə anlaşan “ağ-qaralar”ın üstünlüyü yerli futbolçulara verdiyi göz qabağındadır.
Son ölkə çempionu 5 legioneri yola saldığı halda, yanvarda 2 əcnəbi ilə müqavilə bağladı. Biri İvan Brkiç, digəri Gilyerme Pato.
Xorvatiyalı Brkiçin keçidi məhz Əzizovun əməyi və təşəbbüsü əsasında gerçəkləşib. Belə ki, 26 yaşlı qapıçının əməkdaşlıq etdiyi agent şirkətinin adı “Argentum Sport”dur.
Şirkətin müştərilərinin adını göz gəzdirəndə, siyahıda İsnik Aliminin adına rast gəlmək mümkündür. Yayda Zaur Əzizovun təşəbbüsü ilə “Qəbələ”ylə anlaşan makedoniyalı yarımmüdafiəçi.
Görünür, Aliminin ümidləri doğrutması Əzizovu və “Neftçi” rəhbərliyinin ofisi Xorvatiyada yerləşən agentliklə növbəti əməkdaşlığa həvəsləndirib.
“Argentum Sport” “Reyncers”də top qovan Borna Barişiç, “Ferentsvaroş”lu Eldar Çiviç, müqavilə ilə “Mançester Siti”yə məxsus olan Slobodan Tediç kimi futbolçularla əməkdaşlıq edir.
HƏBİB / SPORTİNFO.AZ