“Mən həmişə rahat yatıram, sadəcə, “Qarabağ” başımızı həddən artıq dolduracaq" - VİDEO

15 May 2021 12:40 Neftçi 1 508
“Mən həmişə rahat yatıram, sadəcə, “Qarabağ” başımızı həddən artıq dolduracaq" - VİDEO

“Bizim üçün qələbə qazanmaq çox önəmli oyun idi, çünki qələbə qazanmaqla intriqanı son tura saxlamaq istəyirdik.

Əvvəlki dövrədə "Sumqayıt"a uduzduğumuz ev oyunundan sonra istənilən komanda ilə qarşılaşsaydıq, məğlub olacağımızı bildirmişdim.

Çünki biz özümüz-özümüzə yenilmişdik. Bunu sübut etmək üçün qalib gəldik".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVII turunda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, komandasının qol epizodlarını qaçırması onu narahat edir: “Oyunun gedişində hesabı özümüz üçün rahatlaşdıra bilərdik. 2-3 top vuraraq, əvvəlki bəzi qarşılaşmalar kimi rahat oynayacaqdıq. Axıra yaxın bir qədər panika var idi. Bu da normaldır. Çünki bir komanda uduzmaq istəmir, digəri isə hücuma atılaraq udmağa can atır. Xoş haldır ki, qalib gəldik. Artıq son oyuna hazırlaşacağıq. Görək, necə alınacaq”.

“Neftçi”nin baş məşqçisi Keysuke Hondaya bugünkü oyunda şans verməməsinin səbəbini belə izah edib: “Qarabağ”ın oyununun nəticəsindən xəbərim yox idi.

Qarşılaşmadan sonra "CBC Sport"a canlı yayımda müsahibə verdiyim vaxt oyunun şərhçisindən soruşdum, o dedi. Hondanı ümumiyyətlə oynatmaq fikrimiz yox idi.

Süni örtüklü meydanlarda ardıcıl 2 oyun keçirmişdik. Ötən matçdan sonra ayağındakı ağrılardan şikayətləndi. Ona görə də bugünkü matçda onu qoruduq”.

Abasovun fikrincə, hücumda aktiv, müdafiədə isə diqqətli olmaq lazımdır: “İlk yarıda əlverişli imkan yaratsaq da, Stiven Monroz fərqlənə bilmədi.

Eyni epizodu "Bakcell Arena”dakı oyunumuzda yaratmışdıq. Həmin vaxt Namik Ələskərov vura bilməmişdi, bu gün isə Monroz fərqlənməyi bacarmadı.

Məqsədimiz bu idi ki, hücumda bacardığımız qədər səmərəli, müdafiədə diqqətli olaq, yarımmüdafiə xəttini isə ələ alaq. Məncə, hücumdan başqa qalan iki vəzifəni yerinə yetirdik.

Planımız isə topu rəqibə verməmək və rəqibin necə oynayacağını görmək idi. Çünki bilirdik ki, “Sumqayıt"a da qələbə lazım idi. Bəzi məqamlarda topu özümüz rəqibə verirdik.

3 müdafiəçinin üstünə getməmək, topu saxlayaraq, oyunu nəzarətdə saxlamaq istəyirdik. Məncə, futbolçularımız ən yaxşısını etdilər, bacardılar".

Baş məşqçi “Qarabağ”la keçirəcəkləri son turun önəminə də diqqət çəkib: “Mən həmişə rahat yatıram. Sadəcə, “Qarabağ”la qarşılaşma başımızı həddindən artıq dolduracaq.

Buna həyatımızın son oyunu deməzdim, amma o qədər önəmli olacaq ki... Bu rəqibə qarşı necə oynayacağımızı deyə bilmərəm. Yatmağa qaldıqda, yerimiz rahat, evimiz rahat, niyə də yatmayaq”?!

Digər Xəbərlər
Xəbər Lenti