"Xəzər Lənkəran" Futbol Akademiyasına ən çox diqqəti Con Toşak ayırıb"

19 Dekabr 2021 20:40 Müsahibə 2 477
"Xəzər Lənkəran" Futbol Akademiyasına ən çox diqqəti Con Toşak ayırıb"

Fərq qoymaq olmaz - futbol Azərbaycanın bütün bölgələrində sevilir.

O cümlədən, cənub regionunda.

2004-cü ildə «Xəzər Lənkəran»ın yaranması ilə bu zona «böyük səhnə»yə qayıtdı. «Qafqazın «Çelsi»si kimi ictimaiyyətdə qəbul görən klub 12 il Premyer Liqada mübarizə apardı.

«Ağ-yaşıllar» həmin zaman kəsiyində müxtəlif uğurlar əldə etdi - çempionluq medalını, iki dəfə ölkə kubokunu qazandı, «Birlik kuboku»nu Azərbaycana gətirdi.

Təəssüf ki, «Xəzər Lənkəran»ın sonu bir çox klublarınkı kimi qısa çəkdi. 2016-cı ildə Premyer Liqanı tərk edən klub IDivizionda mübarizə aparmadı.

Halbuki geridə qalan 12 ildə cənub təmsilçisinin akademiyası tədricən formalaşmışdı, burada yüzlərlə uşaqvə yeniyetmə top oyununun sirlərini mənimsəməyə başlamışdı.

Xüsusən axır illərdə akademiyada yetişən yeni nəsilin nümayəndələrini əsas komandada görməyə və tanımağa başlamışdıq.

Artıq o məktəb də qapılarını azyaşlıların üzünə bağlayıb. Klubun «staj»lı nümayəndələrindən Hüseyn Cəbrayıloğlu ilə söhbətimiz bu ətrafda oldu.

- "Xəzər Lənkəran" Futbol Akademiyasının son durumu nə yerdədir?

- Akademiya haqqında kifayət qədər internet resuslarında məlumat var. Ən son klubun 3 yaş qrupu fəaliyyət göstərirdi ki, indi onlar da fəaliyyətini dayandırıb.

- Həmin Akademiyadan kimlər Azərbaycan futboluna bəxş olundu?

- Həmin akademiyadan elə son iki ildə Pemyer Liqada çıxış edən "Sabah" klubuna 5 futbolçu göndərilib. Bundan əvvəl isə Azərbaycanın əsas milli komandasına qədər yüksələn Elnur Cəfərov, Elşən Rzazadə nümunəsi var.

- Başqa hansı adları misal çəkmək olar?

- Bu gün "Qarabağ"ın və Azərbaycan millisinin əsas heyət üzvü Tural Bayramov "Xəzər Lənkəran" yetirməsidir. Bir az geriyə boylananda Ağdam təmsilçisi Çempionlar Liqasında çıxış edəndə eyni turnirin U-19 liqasında komandanın 5 üzvü "Xəzər Lənkəran" yetirməsi idi və onlardan 3-ü əsas heyətdə çıxış edirdi. Eləcə də bu gün Premyer Liqa klublarının bir çoxunun aşağı yaş qruplarında "Xəzər Lənkəran" yetirməsi tapmaq olar.

- "Xəzər Lənkəran" akademiyasının hansı özəlliklərini digər akademiyalarımız üçün nümunə çəkə bilərsiniz?

- "Xəzər Lənkəran" yeganə akademiya olub ki, 7 rayonu əhatə edib. Biləsuvardan Astaraya kimi futbolçuları tapıb, onları xüsusi avtobuslarla məşqlərə cəlb etmişik. Hər birinə ünlü Puma şirkətinin tam, bir də təkrar edirəm tam dəst forması ilə təmin etmişik. Uzaq rayonlardan olanlar klubun bazasında qalıb, stadiona yaxın olan Sütəmurdov tam orta məktəbində təhsil alıb və gündə 3 dəfə qidalanıb. Məncə radius və təminat böyük bir nümunədir.

- "Xəzər Lənkəran"da birvaxtlar çox sayda məşhur simalar çıxış edib. Zaman-zaman akademiya uşaqları ilə onları görüşü keçirilirdimi? Keçirilirdisə, maraq necə idi?

- Sözün açığı mütəxəsisslərdən başlardım. Ən çox akdemiyanın oyunlarına diqqət yetirən Con Toşak olub. O, aşağı yaş qruplarının oyunlarını müntəzəm izləyərdi. Məhz bu keyfiyyəti hesabına Toşak dünya futboluna bir neçə ulduz bəxş edib. Bizdə də Kamran Abdullazadəni əsas heyət üzvünə çevirdi. Ağabala Ramazanovun püxtələşməsində onun müstəsna xidməti vardı. Futbolçulardan isə fərdi qaydada uşaqlarla maraqlanan vardı, amma bunun görüş formasında olmasını qeyd edə bilmərəm. Uşaqlar özləri gəlib kənardan tanınmış futbolçuları izləyərdi. Məsələn, Toni Doblasın məşqini bütün aşağı yaş qruplarının qapıçıları izləyərdi.

- Akademiyada əsasən hansı bölgənin uşaqları təmsil olunurdu? Ümumiyyətlə, seleksiya neçə aparılırdı?

- Yuxarıda dediyim kimi Astardan Biləsuvara kimi bizim maaş verdiyimiz məşqçilər var idi. Onlar uşaqları seleksiya ilə tapırdı və Akademiya koordinatoru seçimlərlə kluba cəlb edirdi. Sona kimi də hər rayonda bizim maaş verdiyimiz məşqçilər var idi.

- Akademiya fəaliyyətini davam etdirsəydi, indi mənzərə necə ola bilərdi?

- Təəssüf ki, akademiya tam olaraq bar verən vaxtda əsas komanda dağıldı. Bəzən klubumuza ağız büzənlər tapılır. Amma baxın son iki mövsümdə "Xəzər Lənkəran" öz akademiyasının gücü ilə ayaqda qaldı və heyətin 90 faizi öz yetirmələri idi. Bu matçlardan yalnız birində böyük hesabla məğlub oldu. Digər bütün matçlarda komanda başa baş mübarizə aparıb. Demək ki, iş düzgün qurulmuşdu. Düşünürəm ki, əsas komanda qalsaydı və akademiyaya diqqət ən azı əvvəlki formada olsaydı yaxşı nəticələr olardı.

- Olmazdımı ki, əsas komanda dağılsa da, ən azından akademiya öz fəaliyyətini davam etdirərdi?

- Əsas komanda olmayanda iddia, həvəs, stimul da qalmır. Əvvəl uşaqlar pillə-pillə yuxarı yaş qruplarına yüksəlirdi. 10 yaş qrupundan əvəzedici komandaya kimi yüksələn yüzə yaxın futbolçumuz olub. Bunlar ələnib, davam edən edib, əsas komandaya düşən düşüb. Amma son illərdə ən sonuncu yaş qrupu U-17 idi. O komandada parlayan uşaqları Premyer Liqa klubları öz komandalarına cəlb etdi. Amma ölkə futbolununun qara üzü burada bir daha üzə çıxdı. Həmin uşaqların qalması, qidalanması, maaşında problemlər yaşandı və geri dönüb futbolu atdılar. Kimin qohumu filan paytaxtda var idisə, onlar tab gətirdi. Ona görə də əsas komanda olmadan akademiya saxlamaq çox çətindir.

Xanoğlan İmanov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Əyalətdə futbolumuz və sağlam cəmiyyət naminə fəaliyyət göstərən akademiya

Digər Xəbərlər
Xəbər Lenti