
Aftandil Hacıyevin rəhbər postuna təyinatından sonra "Qarabağ" Futbol Akademiyasındakı yüksəlişi hər addımda sezməmək mümkün deyil.
Düzdü, hələ də infrastrukturla bağlı ciddi problem davam edir.
Bu cür şərtlər altında işləmək asan deyil.
Sevindirici hal odur ki, Hacıyev problemlərdən şikayətlənmək yox, əlindəki minimal imkanlardan maksimum nəticələr əldə etməyə çalışır.
Qısa müddətdə əldə olunan müsbət nəticələr bunu deməyə əsas verir.
Müxtəlif yaş qruplarının nəticələrində olan irəliləyiş göz qabağındadır.
Əvvəlki illərdə aşağı yaş milli komandalara az hallarda "Qarabağ" akademiyasının üzvləri dəvət edilərdi.
Hazırda burada kəskin fərq diqqətdən qaçmır.
Məsələn, son olaraq U-16 yığmasının açıqlanan heyətində "köhlən atlar"ın nə az, nə çox 7 üzvü yer alıb.
"Qarabağ"dan sonra millidə ən çox yetirməsi olan klublar "Neftçi", "Sabah" və Marcet (İspaniya) akademiyasının üzvləridir.
Hər birindən cəmi 3 futbolçu dəvət alıb.
Bu, həm də o anlama gəlir ki, yaxın gələcəkdə "Qarabağ"ın əsas komandasında parlaq yerli simalar görə bilərik.
Sonuncu dəfə buna bənzər hadisə uzun illər əvvəl yaşanıb.
Yerli futbolçular arasında ulduz saya biləcəyimiz Qara Qarayev, Maksim Medvedev, Rauf Əliyev, Əfran İsmayılov kimi istedadların üzə çxdığı dövr...
XANOĞLAN İMANOV