ŞOK! Azərbaycanda iki klubun “verdiyi” oyunların sayını və iştirakçıların ADINI DEDİ

17 Noyabr 2021 18:00 Müsahibə 2 261
ŞOK! Azərbaycanda iki klubun “verdiyi” oyunların sayını və iştirakçıların ADINI DEDİ

Georgi Nikolov Azərbaycanda çalışdığı müddətdə hər zaman səmimiliyi ilə seçilib.

Bolqarıstanlı funksioner “İnter”in prezidenti olduğu dövrdə müsahibə üçün heç də az həmsöhbət olmamışdıq.

Etiraf edim ki, az qala hər açıqlaması manşetə yararlı idi.

Hər nə qədər faydalı və səmimi həmsöhbət olsa da, rəhbərlik etdiyi klubla bağlı az söz-söhbət yaranmayıb.

“Simurq”la qardaşlıqdan tutmuş azarkeşlərlə uzaqlığa qədər, Cahangir Hacıyevin həbsindən tutmuş “Neftçi”yə atmacasına qədər.

Hadisələrin üstündən illər keçib, “İnter”in adı dəyişib “Keşlə”, sonra da “Şamaxı” olmağa imkan tapıb.. Nikolov isə 5 ilə yaxındır Azərbaycanı tərk edib.

Deməli, növbəti səmimi söhbət üçün əla zamandır. Hazırda vətənində olan bolqar iş adamını arayıb, bütün qaranlıq məqamlarla bağlı müsahibə üçün xahiş edəndə, ənənəsinə sadiq qalıb bu dəfə də “problem yoxdur” dedi.

(əvvəli ötən yazılarda - https://www.sportinfo.az/idman_xeberleri/musahibe/127031.htm / https://www.sportinfo.az/idman_xeberleri/musahibe/127080.html)

- Cahangir Hacıyevin həbsindən sonra siz və xanımınız üçün Bakıda qara günlərin başladığını xatırlayıram. Yada salmaq acı deyilsə, o dönəmə də qayıda bilərik?

- O günləri bu gün də yadıma salanda, gördüklərimə, yaşadıqlarıma inana bilmirəm. Deməli, 2015-ci ildə məni ilk dəfə güc strukturlarından birinə çağırıb, Azərbaycan dilində izahat yazmağımı tələb etmişdilər. Təbii ki, ilk cəhddə yazmamışdım. Lakin sonradan başqa əsaslar gətirmiş, inandırmış, mən də axmaq kimi razılaşmışdım. Bir neçə aydan sonra yenidən dəvət etdilər. Getdim, dedilər, siz bu işlərdə hal şahidi kimi dindirilməlisiz. Orda kredit borclarına dair bənd var idi ki, borclar 2019, ya da 2020-ci ilə qədər bağlanmalıydı. Yəni, vaxtımız var idi. Halbuki, buna qədər təxminən 2 milyon manat ödəmişdik. Nə isə, uzun söhbətdir... Adama təsir edən odur ki, biz həmin pulları kluba yox, “İnter Arena”nın yenidən qurulmasına sərf etmişdik. Açığı, heç kim mənə işgəncə vermədi, ya da, ünvanıma artıq ifadə işlədilməmişdi. Sadəcə, Azərbaycanı tərk etməyimə imkan verməmişdilər.

- 2017-ci ildə tərk etdiyiniz, hər imkanda sevginizi ifadə etdiyiniz Azərbaycana bir də qayıtmadız. Ölkəmizə girişinizə hansısa qadağa qoyulmuşdu?

- Bizi heç bir ciddi əsas göstərmədən ilyarım dustaq kimi Azərbaycanda saxlamışdılar. Ölkəni tərk etməyimizə icazə veriləndə isə, Miqrasiya Xidmətindən hansısa məbləğdə cərimə ödəməli olduğumuzun vacibliyi bildirilmişdi. Sanki mən öz kefimdən oturmuşdum Bakıda. Dedim, 1 qəpik də verməyəcəm, nə edirsiz, edin. Ona görə də bizi Azərbaycandan iti qovan kimi qovdular və ölkəyə 1 il müddətinə giriş qadağası qoydular. Düzdür, deport cəzası 2018-də başa çatmışdı. Amma məni Azərbaycana heç nə çəkmirdi artıq. İnciklik, küskünlük, hansısa mənada nifrət... Təsəvvür edin, Bolqarıstandasız, burda işləyirsiz. Günlərin birində heç bir günahınız olmadan güc strukturlarından biri sizə ölkədən çıxmaq qadağası qoyur və siz buna əməl edirsiz. Günahınız sübuta yetirilməyəndən sonra ölkədən çıxış icazəsi verilir, siz Azərbaycana qayıtmaq istəyirsiz və bu an Miqrasiya Xidməti çağırıb, cərimə ödəməli olduğunuzu deyir. Bu cür absurdla qarşılaşandan sonra bir də Bolqarıstana ayaq basarsız? İnanmıram!

- “İnter” adını qorumaq üçün hansı çətinliklərlə üzləşdiyinizi şəxsi söhbətlərimiz zamanı dəfələrlə bildirmişdiz. Nə idi bu adı göz-bəbəyiniz kimi qorumağın səbəbi?

- Burda söhbət “İnter”dən yox, körpəliyindən əziyyətini çəkdiyim “uşaqdan” gedir. Mən “İnter”ə gələndə, klub yaşyarımlıq idi., təzə-təzə dünyaya göz açırdı. Götürdük, qayğısını çəkdik, gecələri yatmadıq, çempion olduq, “Birlik kuboku”nu qazandıq, ölkənin sayılıb-seçilən komandalarından birinə çevirdik. Və bütün bunlar “İnter” adı altında oldu. Bu, sıradan ad deyildi, doğmalarımdan birinin adı idi sanki. Bu cür əziyyətin qarşılığında AFFA hər imkanda qapımızı döyüb, “Keşlə” adını soxuşdurmağa çalışırdı. İlk belə hücum 2007-ci ildə olmuşdu. Cahangir Hacıyev sağ olsun, arxamda dağ kimi dayanıb adın dəyişilməsinə imkan verməyəcəyini deyirdi. Mən də klubun rəhbəri olaraq addəyişməyə qarşı çıxırdım. 2009-cu ildə AFFA-dan ikinci hücum dalğası gəlmişdi, yenə imkan verməmişdim. 2015-ci ildə baş verən hadisələrdən sonra məni tək tutdular. Artıq dayağım, qol-qanadım yox idi, meydanda tək qalmışdım. Onlar isə çox. Buna baxmayaraq, yenə çiyinlərimin yerə vurulmasına imkan verməmişdim. Baş katib Elxan Məmmədova dedim ki, nə qədər ki sağam və “İnter”in prezidentiyəm, ad dəyişikliyi üçün heç bir sənədə imza qoymayacam.

- Siz gedəndən sonra ad dəyişikliyi oldu.

- Adı dəyişdilər, nə oldu? Deyirdilər, “İnter” yad isimdir, bizə doğma ad lazımdır. Bu da sizə “Keşlə”. Deyin görüm, keşləlilərdən kim gəlir “Keşlə”nin oyunlarına? Hansı oyunda stadion dolub? Bir neçə dəfə marağa girib oyunların protokollarına baxdım. Azarkeş sayı 300-500, ən yaxşı halda 1000 göstərilmişdi. Halbuki, bizim vaxtımızda zabratlı uşaqların sayı bundan çox idi.

- AFFA demişkən, çempionatda yenə 8 komanda mübarizə aparır, bütün yaş qruplarından ibarət millilər yenə uduza-uduza gedir, inkişaf yoxdur. Uzun illər ölkəmizdə çalışmış biri kimi problemin kökünü harda, kimdə, nədə görürsüz?

- Açığı, bu gün bu mövzuda danışmaq mənim üçün çətindir. Çünki xeyli vaxtdır Azərbaycan futbolunun “mətbəxi”ndə deyiləm. O vaxt gördüklərim əsasında onu deyə bilərəm ki, Azərbaycan futbolunun ən parlaq dönəmi Berti Foqtsla Robert Prosineçkinin dövründə olub. Səhv etmirəmsə, milli seçmə mərhələlərdə ən çox xalları da o vaxt toplamışdı. Bilirsiz, niyə beləydi? Çünki Foqts intizamın tərəfdarıydı və təcrübəsinə əsaslanıb komandanı psixoloji cəhətdən oyunlara hazırlaya bilirdi. Yığmanız onun dövründə meydanda tək futbol oynamırdı, həm də döyüşürdü. Çünki köklənmə yaxşı idi. Türkiyəni udduğunuz oyun indiyə qədər yadımdadır. Yazır türklər, şokdaydı, nə baş verdiyinə inana bilmirdi. Rəsmən məhv etmişdiz onları.

- Bəs, Robert Prosineçki?

- Prosineçkinin ən böyük üstünlüyü futbol fəlsəfəsinin təmamilə Azərbaycan futboluna uyğun olmasıydı. Müdafiədə “yatmamaq”, topla oynamaq, qısa ötürmələr, sürətli hücumlar və s. Məhz buna görə yığma baxımlı oynayırdı, Robert də insanlar tərəfindən sevilirdi. Azərbaycan millisinə topla futbol oynatmağı sevən məşqçi lazımdır.

- Bir mövzu var ki, o haqda söhbət etməsək, müsahibənin dadı-duzu olmaz. Söhbətin əvvəlində səmimi olacağınıza dair söz vermişdiz.

- Əlbəttə, elə də olacaq. Buyurun.

- “Simurq” və “İnter” “qardaşlığı”. Bəzi anlarda “qardaşlıq” özünü biruzə versə də, bir çox hallarda təmiz oyunun şahidi olurduq. “Qazanın içində” nələrin yaşandığı haqda eşitmək istərdim.

- Gəlin, sondan əvvələ doğru gedək. 2012-2013-cü illərdən başlayan oyunlarımıza nəzər salın, ya da statistikaya baxın. Məhz “Simurq” “İnter”dən ən çox xal alan rəqiblərdən birinə çevrilməklə daha yaxşı yerlər tutmağımızın qarşısını alıb, böyük çətinliklər yaradırdı. Rəsmən bezmişdik əllərindən. İndi lenti fırladaq lap əvvələ. Mən kluba yeni gələndə “İnter”in “Simurq” adlı farm-klubunun olduğunu demişdilər. Açığı, təəccüblənmişdim. Səbəbini soruşmuşdum, demişdilər, “İnter”də daim şans qazanmayan futbolçular “Simurq”da oyun təcrübəsi toplayacaq və çempionatda bizimlə birgə mübarizə aparmaqla rəqiblərə “badalaq vuracaqlar”. İndiyə qədər həmin söhbət yadımdadır. Deyilən kimi də olmuşdu. “İnter”in futbolçuları icarə əsasında “Simurq”a gedib oynayırdı, “Simurq” da güclü komandaya çevrilib rəqiblərimizi büdrədirdi. Bu azmış kimi, özləri də medal qazanmağa nail oldu. Bəli, bəzi anlarda “qardaşlıq” faktı köməyimizı çatıb. Amma...

- Çox xahiş edirəm, burda dayanaq. “Qardaşlıq” faktı hansı mövsümdə köməyinizə çatmışdı?

- İcazə verin, bir faktı da deyim, sonra keçək suala. İlk illərində “Simurq”un doğma stadionu yox idi deyə, bizi Qaxda qəbul edirdi. Oyunu 2:0 hesabı ilə udmuşduq və hakimin final fitindən sonra “qardaş” komandaların futbolçuları arasında bir dava düşmüşdü, gəl görəsən. Gördük sakitləşmirlər, “Simurq”un rəhbərləri ilə münaqişəyə müdaxilə etmək istəyəndə, bir yumruq da sifətimə tutuzdurmuşdular. Yeri gəlmişkən, “Simurq”u “Azərbaycan Beynəlxalq Bankı” yox, “Beynəlxalq Sığorta Şirkəti” və “İnter Tobacco” şirkətləri maliyyələşdirirdi. Yəni, sırf bankdan “yemirdilər”.

- Əsas məsələ qaldı.

- Bəli, bizə oyun “verdikləri” vaxt olub. Amma 90 faiz rəqiblərimizlə mübarizə aparırdılar.

- Danışıqlar klub prezidentləri səviyyəsində gedirdi, yoxsa sponsorlar?

- (bir müddət fikirləşir) İki oyunu xatırlayıram. Gedib kiminsə qarşısında baş əyib, “Xahiş edirəm, bizə oyun “verin” deməyim mümkün deyildi. Nə özümə yaraşdırardım, nə tutduğum posta. Allah hər ikisinə rəhmət eləsin, Roman Pokora ilə Valentin Xodukin öz aralarında razılaşdırmışdılar. Sual verirsiz, bunları danışıram, amma bilmirəm nə dərəcədə doğrudur (gülür).

- 13 illik karyeramın ən geniş müsahibəsi oldu. Həm də çoxlarının cəsarətinə sığmayacaq səmimi etiraflarla dolu müsahibə. Təşəkkür edirəm sizə! Çox sağ olun!

- Mən sizə təşəkkür edirəm! İnsan heç vaxt tutduğu əməllərdən utanmamalı, doğrunu deməyi bacarmalıdır. Siz də maraqlandığınız, vaxt ayırıb, əziyyət sərf etdiyiniz üçün çox sağ olun! Azərbaycanda məni tanıyan hər kəsə salamlarımı çatdırın, lütfən.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti