“Bakı Metropoliteni” “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Çelsi"yə qarşı oyunu ilə əlaqədar iş rejimini dəyişəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Metropoliten “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça görə gücləndirilmiş qaydada fəaliyyət göstərəcək.
Həmçinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında metropolitenin iş saatı uzadılacaq.
Metropolitenin paytaxtda keçirilən kütləvi tədbirlər planı və qarşılaşmaya sərnişin marağı nəzərə alınaraq noyabrın 5-dən 6-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.
Sərnişinlərin təhlükəsiz və rahat daşınması, azarkeşlərin oyun qurtardıqdan sonra mənzil başına rahat çatmaları üçün bir sıra tədbirlər də görüləcək. “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq. Bu məqsədlə “Gənclik” stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.
Ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

