"Milliyə çağırılsam, uşaqlıq arzum həyata keçəcək" - Küveytdə oynayan futbolçumuz

11 Noyabr 2019 13:55 Milli komanda 659
"Milliyə çağırılsam, uşaqlıq arzum həyata keçəcək" - Küveytdə oynayan futbolçumuz

Karyerasını Küveytdə davam etdirən Kamal Mirzəyev Sportinfo.az-a müsahibə verib. “Əl-Salmiya”nın futbolçusu əvvəlcə legioner karyerasından danışıb:

- Küveytdəki işlərin necə gedir, artıq bu ölkəyə öyrəşdiyini demək olar?
- İşlərim qaydasındadır. Bəli, artıq Küveytə öyrəşmişəm. İndi özümü burada daha yaxşı hiss edirəm.

- Küveyt Premyer Liqasının 6-cı turunda “Əl-Qadisiyə” ilə görüşdə 1:1 oynadınız. Həmin oyunda 2 xal itirdiyinizi demək olar, ya 1 xal qazandığınızı?
- Bizim üçün hər oyun vacibdir və final ab-havasında keçir. Yaxşı nəticələr qazanmaq istəyirik. “Əl-Qadsiya” ilə oyuna da qələbə üçün çıxmışdıq. Amma rəqibin böyük klub olduğunu da anlayırdıq. Onların yaxşı heyətləri, güclü futbolçuları var. Oyun da yüksək tempdə keçdi. Səfər görüşü idi deyə, “Əl-Qadsiya” ilə bərabərliyi yaxşı nəticə saymaq olar.

- Ötən tur qol hesabını da açdın. Qollarının davamını gətirə biləcən?
- Yarımmüdafiənin mərkəzində oynayan futbolçu üçün qol vurmaq doğrudan da gözəldir. Mən hər oyunda komandama kömək etməyə çalışıram. Yenə də qol vurmaq istəyirəm. Mənim mövqeyim həm oyun qurmaq, həm də dağıtmaqdır. Buna baxmayaraq, qollarımın davamı gəlsə, yaxşı olar.

- "Əl-Salmiya”nın ölkə çempionatındakı məqsədi nədir?
- Daxili çempionatda uğurlu nəticələr qazanmaq istəyirik. Əsas məqsədimiz Asiya Çempionlar Liqasına vəsiqə qazanmaqdır.

- Komanda yoldaşlarınla anlaşma hansı səviyyədədir? Onlarla hansı dildə münasibət qurursan?
- İngilis dilində danışırıq. Komandada olanların demək olar ki, əksəriyyəti ingilis dilində bilir.

- Yəni, ərəb dilini öyrənməyə ehtiyac yoxdur?
- Ərəb dilini özümün inkişafı üçün öyrənmək istəyirəm. Fərqli dilləri bilmək hər zaman yaxşıdır.

- Yəqin ki, artıq Küveyt futbolu haqda müəyyən təəssüratın var. Necə düşünürsən, Azərbaycan və Küveyt futbolu, liqaları arasında hansı fərqlər var?
- Burada futbol daha sərtdir, daha çox gücə üstünlük verilir. Azərbaycan Premyer Liqası da yaxşıdır. Amma Küveyt çempionatında 5-6 komanda çempionluğa oynayır. Azərbaycanda isə yalnız “Qarabağ” və “Neftçi” qızıl medallar üçün mübarizə aparır. Bu mənada fərq var.

- Küveytdə oynayan futbolçunun Azərbaycan millisinə dəvət olunması, səncə, nə dərəcədə realdır? Necə düşünürsən, Nikola Yurçeviç səni izləyir?

- Öz üzərimdə daim çalışıram. Daha yaxşı yerlərə getmək istəyirəm. Milli komandaya dəvət olunub-olunmamağım baş məşqçinin verəcəyi qərardır. Təbii ki, həm AFFA-nın, həm də məşqçilər korpusunun bütün futbolçulardan xəbəri var.

- Özünü Azərbaycan millisi üçün hazır hesab edirsən?
- Millidə oynamaq həm də məsuliyyət deməkdir. Yığmaya dəvət olunsam, orada bundan artığını etməyə çalışacam. Millidə rəqabətin olması sevindiricidir. Yığma komandaya dəvət almağı hamı istəyir. Azərbaycan millisinə çağırılsam, uşaqlıq arzum həyata keçəcək.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!