Cənubi Afrika Respublikasının U-20 millisi Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi dünya çempionatına vəsiqə qazanmaq iddiasındadır.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komandanın baş məşqçisi Raymond Mdaka bəzi əyalət və regionların komanda formalaşdırmaq planına ləng reaksiya verməsindən məyus olduğunu açıqlayıb.
Mdaka ötən ilin sonlarında region və əyalətlərə yeni komanda üçün seleksiya və monitorinq prosesinə başlamaq məqsədilə skautinq hazırlıqlarına start vermələri ilə bağlı məktub göndərib.
Lakin o, görülən işlərdən narazılığını dilə gətirib: “Bu barədə çox danışmaq istəmirəm, çünki həqiqətən böyük məyusluq yaşadım.
Hazırda narahatlığımız ondan ibarətdir ki, bir çox əyalət müraciətimizə cavab verməyib. Bu isə ciddi narahatlıq doğurur.
Bu gedişlə güclü kollektiv formalaşdırmaq və Azərbaycanla Özbəkistandakı mundiala yollanmağımız çətin olacaq”.
U-20-lərin dünya çempionatının gələn ilin yayında təşkili planlaşdırılır.

