UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü atılıb.
Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.
Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur. Harda olduğumuz, kimlərə rəqib olduğumuz ortadadır.
Avropanın dibinə enmişik. Daha bundan betər müsibət ola bilməz ki, başımıza gəlsin.
Yaxın keçmişin səhvləridir.
Sonuncu dəfə Millətlər Liqasında yığmamız C Liqasını 1 xalla sonuncu sırada başa vuraraq D Liqasına yuvarlanıb.
Keçirdiyi 6 görüşdən 5-də məğlub olub.
Yalnız Estoniya millisi ilə Qəbələdə qolsuz bərabərliklə başa çatan matçda 1 xal qazanmaq mümkün olub.
Qapısında 17 qol görən yığmamız 3 dəfə rəqib qapılarını dəqiq nişan ala bilib.
Onda baş məşqçi postunda Fernandu Santuş idi.
Bəh-bəhlə ölkəmizə gətirilən avropalı məşhur sima tariximizin ən uğursuz nəticələrinə öz imzasını atmış oldu.
Qarşılığında da müqavilə müddəti bitmədən milyonları çantasına doldurub getdi.
İndi millinin sükanı başqa adama həvalə olunub.
Portuqaliyalı mütəxəssisin D liqasına saldığı yığmanın hazırda başında Ayxan Abbasov durur.
Deməli, ünlü əcnəbi mütəxəssisin dünya futbolunun zirzəmisinə qədər saldığı yığmanı oradan bizim azərbaycanlı Abbasov çıxarmalıdır.
Onsuz da futbolumuzun yağı-balı hər zaman gəlmələrin, qəpik-quruş və əziyyəti də yerlilərin payına düşüb.
Ayxan Abbasova bu yolda uğurlar.
Təbii ki, C liqasına vəsiqə qazanmaqdan başqa istənilən nəticə uğursuzluq hesab ediləcək.
Ümid edək ki, təcrübəli baş məşqçi millini C liqasına qaytara biləcək.
Bu da bizə ciddi nəsə vermir.
Amma zirvəyə qalxmasaq da, ən azından zirzəmidən çıxmış olarıq.
XANOĞLAN / SPORTİNFO.AZ

