Azərbaycanda yeni yaradılacaq U-20-ni çalışdırmağa hazırda iki namizəd var.
Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Federasiyadan redaksiyamıza ötürülən informasiyaya görə, millinin sükanı arxasına keçməyə şansı olanlardan biri ispaniyalı, digəri isə xorvatiyalıdır.
Qurum paralel olaraq hər iki əcnəbi ilə danışıqlar aparır. Yəqin ki, yaxın vaxtlarda U-20-nin ilk sükançısının kimliyinə aydınlıq gətiriləcək.
FIFA-nın İcraiyyə Komitəsinin bu ilin oktyabrında verdiyi qərara əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.
Bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir.
1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər.
Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.
İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.
Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər.
Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay olub.
SPORTİNFO.AZ

