"Aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının ötənilki nəticələri uğurlu olmadı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın texniki direktoru Cahangir Həsənzadə deyib.
O, uğursuz nəticələrə görə təəssüf hissi keçirdiyini bildirib.
“Lakin bunun səbəbləri var: oyunçuların mövcud durumu, onların liqalarda hazırlıq səviyyəsinin aşağı olması, yanaşma prosesi və rəqiblərin gücü.
Mən bunu legioner limiti ilə əlaqələndirmirəm. Bu qayda Premyer Liqa və 21 yaşadək millidə çıxış edən futbolçulara aiddir.
Amma daha əvvəl sadaladığım problemlərin həll yollarından biri də yerli futbolçuların Avropaya ayaq açmasıdır. Bu, inkişafa təsir göstərəcək.
Məşqçilərin işinə gəlincə, onların yanaşmasından, nəzarətindən, seleksiyalarından ümumilikdə razıyam.
Bəli, çatışmazlıqlar oldu. Amma ümumən onların potensialına şübhə ilə yanaşmıram. Sadəcə, nəticə əldə edə bilmədik”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Mütəxəssis aşağı yaş qrupları üzrə yığmaların baş məşqçiləri ilə müqavilə müddətinin başa çatdığını söyləyib:
“Təbii ki, bu məsələ ilə bağlı məşqçilərin özləri ilə danışılıb, müvafiq məlumat verilib. Onların müqavilələri başa çatıb və növbəti addımlar barədə gələn həftə danışıqlar aparılacaq.
Mən öz tövsiyələrimi İcraiyyə Komitəsinə təqdim edəcəyəm. Son qərarı isə onlar verəcəklər”.
Ötən seçmə mərhələdə U-19 millisinə Elxan Abdullayev, U-18 yığmasına İlham Yadullayev, U-17-yə isə Aqil Nəbiyev başçılıq edib. Hər üç mütəxəssisin müqavilələri 2025-ci ilin sonunda başa çatıb.

