Azərbaycan millisini dünya çempionatında o çalışdırmayacaq - SON DƏQİQƏ

13:00 Milli komanda 491
Azərbaycan millisini dünya çempionatında o çalışdırmayacaq - SON DƏQİQƏ

«Neftçi»nin sabiq baş məşqçisi Arif Əsədov yeni yaradılacaq U-20 yığmasını çalışdırmayacaq.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, adıçəkilən mütəxəssisin namizədliyi artıq müzakirədən çıxarılıb.

Səbəb? Bu, hələlik açıqlanmır.

Əsədovun son iş yeri ölkənin əsas millisidir. Burada bir neçə il keçirib.

Fernandu Santuş 2024-cü ilin iyununda komandanın baş məşqçi postuna təyinat alan kimi onunla vidalaşıb.

FIFA-nın İcraiyyə Komitəsinin bu ilin oktyabrında verdiyi qərara əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.

Bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir.

1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər.

Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.

İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.

Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər.

Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil olunan son turnirin qalibi isə Uruqvay olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO