Azərbaycan yığması qarşıdakı Millətlər Liqasına Ayxan Abbasovla gedəcək.
Bu barədə AFFA-dan redaksiyamıza məlumat daxil olub.
Federasiyadan saytımıza bildirildiyinə görə, İcraiyyə Komitəsi (İK) yaxın günlərdə yığışacaq və onun təyinatını təsdiqləyəcək.
O, ən azı 1 il ölkənin əsas komandasının sükanı arxasında əyləşəcək.
Qeyd olunub ki, qurumun prezidenti Rövşən Nəcəf onunla bağlı müsbət fikirdədir. Abbasov İK-nin ötən toplantısında 30 dəqiqəyə yaxın iştirak edib və millinin DÇ-2026-nın seçmə mərhələsindəki çıxışına dair hesabat verib.
Gənc mütəxəssis 1 xal toplayan kollektivin ümumi durumu barədə ali qərarverici orqanın üzvlərini məlumatlandırıb.
O, həmçinin perspektiv haqda danışıb, tədricən islahatların aparılması gərəkdiyini söyləyib. Nəcəf Abbasovun fikirlərini dəstəkləyib, bu yolda növbəti addımların atılmasının istəyib.
Milli DÇ-2026-nın seçmə mərhələsinə Fernandu Santuşla başlayıb.
Portuqaliyalı ilk turda İslandiyaya 0:5 hesablı səfər məğlubiyyətindən sonra istefaya göndərilib. Komandanı növbəti 5 oyuna A.Abbasov çıxarıb.
SPORTİNFO.AZ

