Azərbaycan futbol millisi antirekordunu təkrarlayıb.
Sportinfo.az xəbər verir ki, komandamız 2025-ci ili qalibiyyətsiz başa vurmaqla bunu “bacarıb”.
Cari il ərzində ümumilikdə 10 matça çıxan A millimiz bunun 8-də meydanı məğlub tərk edib və yalnız 2 dəfə heç-heçə etməklə kifayətlənib.
Bu məğlubiyyətlərin 5-i doğma arenada reallaşıb. 2025-ci ildə başqa oyun olmayacağından, komandamız ili məhz bu göstəricilərlə tamamlayacaq.
Bununla Azərbaycan millisi son 20 ildə ilk dəfə bir il ərzində qələbə üzü görməyib. Axırıncı dəfə 2005-ci ildə belə halla üzləşmişdik.
Həmin vaxt baş tutan 11 qarşılaşmanın 9-da rəqiblərinə boyun əyən komandamız 2 bərabərliklə öyünüb.
33 illik tarix ərzində daha 4 dəfə bir ili qələbəsiz başa vurmuşuq. 1992-ci ildə cəmi 1 matça çıxan komandamız 1994-cü ildəki 6 matçın hamısında məğlubiyyətə düçar olub.
1995 (5 məğlubiyyət, 1 heç-heçə) və 2000-ci (7 məğlubiyyət, 2 heç-heçə) ildə də eyni halla üzləşmişik.

