Azərbaycan millisinin İslandiya və Fransa ilə oyunları üçün nəzərdə tutulmuş iştirak ərizəsində kifayət qədər sürpriz adlara rast gəldik.
Zədəli Mahir Emreli, Elvin Cəfərquliyev, Musa Qurbanlı, ilk oyunda Şahruddin Məhəmmədəliyev, ikincidə Toral Bayramov kimi futbolçuların yoxluğunda baş məşqçi Ayxan Abbasov Rüfət Abdullazadə, Mustafa Əhmədzadə, Rüfət Abbasov kimilərə ilk dəfə Azərbaycan millisinin formasında meydana çıxmaq imkanı yaratdı.
Düşünmək olardı ki, ölkə xaricində top qovan Turan Manafov da bu dəfəki toplanışa cəlb olunacaq. Hər halda, avqustda Cənubi Afrikanın “Stellenboş” klubu ilə anlaşan sol cinah müdafiəçisi təcrübəli sima sayılır. Üstəlik, çıxış etdiyi liqanın səviyyəsi heç də zəif deyil.
Manafovun “qara qitə”dəki karyerası ilə daha yaxından tanış olmaq üçün statistikaya göz gəzdirdik.
Məlum oldu ki, 27 yaşlı futbolçunun sənəd problemi gec həll olunduğuna görə, adı 6-cı turdan etibarən sifariş ərizəsinə daxil edilib.
O, daxili çempionatın geridə qalan 12 turunun 7-də “23-lük”də yer alıb ki, bunların 5-də əsas heyətdə şans qazanıb. Bütün hallarda meydana start heyətində ayaq basan həmyerlimiz sentyabrın 17-dən bu yana 372 dəqiqə mübarizə aparıb.
“Karlinq kuboku” çərçivəsində baş tutan 2 qarşılaşmanın yalnız 1-də baş məşqçidən oynamaq tapşırığı alan Manafov 90 dəqiqəni əvəzolunmadan keçirib.
Beləliklə, Turan son 2 ayda 6 oyunda meydana çıxmaqla ümumilikdə 462 dəqiqə çans qazanıb. Və bütün hallarda “11-lik”də yer alıb. Pis göstərici sayıllmamalıdır.
Görəsən, millinin baş məşqçisi Ayxan Abbasov Afrikada top qovan azərbaycanlını diqqətdən qaçırıb, ondansa “Şamaxı”da rəhbərliyi altında oynayan Rüfət Abbasovu yığmaya qazandırmaq istəyir, yoxsa Turana “Stellenboş”a və yeni ölkəyə uyğunlaşması ilə bağlı zaman vermək fikrinə düşüb?
HƏBİB / SPORTİNFO.AZ

