DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə keçirilən son oyunda fərqlənən Renat Dadaşov Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçuları sıralamasında ilk “10-luğ”a daxil olub.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu millidəki qol sayını 6-ya çatdırmaqla bunu bacarıb.
Dadaşov bunun sayəsində aktivində 5 qol olan qardaşı Rüfət Dadaşovu, həmçinin Rəşad Sadıqov, Vyaçeslav Lıçkin, Əfran İsmayılov, Vidadi Rzayev, Fərrux İsmayilov və Nazim Süleymanovu geridə qoyub.
Yığmada 6 qol vuran Zaur Tağızadə və Mahir Emreliyə çatan Renat daha bir dəfə fərqlənərsə, Elvin Məmmədov, Branimir Subaşiç və Rauf Əliyevlə statistikasını bərabərləşdirəcək.
Millinin ən məhsuldar futbolçusu Emin Mahmudovdur. Komandamızın kapitanının aktivində 15 qol var.
Onu 14 topla Qurban Qurbanov izləyir. İlk “üçlüy”ü 9 qolun müəllifi olan Vaqif Cavadov izləyir. Yığmanın sabiq yarımmüdafiəçisi Dmitri Nazarov isə rəqib qapıçılarını 8 dəfə mərkəzə dəvət edib.
2017-ci ildən millimizə çağırılan Renat Dadaşov 41 oyun keçirib.

