“Santuşla elə də çox işləmək imkanım olmamışdı. Ayxan müəllimin öz tələbləri var, de Byazinin öz tələbləri var idi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin üzvü Anatoli Nuriyev deyib.
2021-ci ildən yığma komandaya cəlb olunan 29 yaşlı yarımmüdafiəçi üç fərqli məşqçinin rəhbərliyi altında çalışıb.
Canni de Byazi onu ilk dəfə milliyə dəvət edibsə, daha sonra qısa müddət Fernandu Santuşun rəhbərliyi altında oynayıb. Son iki ayda isə Ayxan Abbasovla birlikdə çalışıb.
Maraqlıdır, yığmaya azərbaycanlı mütəxəssisin başçılıq etməsinin futbolçular üçün xüsusi səbəbi var? Abbasovun əcnəbi həmkarlarında fərqi nə(lər)dir?
Nuriyev danışır:
“Hər məşqçinin futbola öz baxışını var. Ona görə də adın xüsusi rol oynadığını düşünmürəm. Bizim işimiz baş məşqçinin kimliyindən asılı olmayaraq, verilən tapşırıqları yerinə yetirməkdir.
Mənə görə yığmada addan çox nəticə vacibdir. Yerli, yaxud əcnəbi çalışdırıcının tərəfdarı oludğumu deyə bilmərəm.
Azərbaycanlı məşqçinin üstünlüyü odur ki, futbolçuları yaxından tanıyır, mentaliteti bilir, eyni dildə danışır və fikirlərini birbaşa çatdırır. Bunları üstünlük kimi qəbul etmək olar”.
Anatoli Nurtiyev Azərbaycan seçməsinin heyətində meydana çıxdığı 19 görüşdə aktivinə 1 qol yazdırmağı bacarıb.
HƏBİB

