“Fransa güclü rəqibdir. Yeganə çıxış yolumuz döyüşmək, mübarizə aparmaqdır”.
Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov Sportinfo.az-a seçməmizin qarşıdakı oyunu barədə danışıb.
DÇ-2026-nın seçmə mərhələsinin sonuncu qarşılaşmasında Azərbaycan yığması doğma meydanda fransızları qəbul edəcək.
“Neftçi”nin futbolçusu Fransa ilə qarşılaşmada sevindirici nəticə əldə etmək üçün nə etmək lazım gəldiyini deyib:
“Yaxşı nəticə qazanmaq istəyiriksə, fransızlara cərimə meydançamıza daxil olmaq imkanı verməməliyik.
Bunun üçün müdafiədə sıx oynamalıyıq. Bilirəm ki, əks-hücum şanlarımız da olacaq. Bunlardan istifadə etməliyik.
Parisdəki qarşılaşmada müdafiədə “oturmuşduq”. İslandiya ilə matçda göstərdik ki, nisbətən irəli çıxmaqla qol şansları əldə etmək mümkündür.
Hücumlar zamanı son ötürmələrdə və zərbələrdə keyfiyyət nümayiş etdirsək, Fransanı təəccübləndirə bilərik”.
Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 21:00-da çalınacaq.
HƏBİB

