Ayxan Abbasov, Musanın əsası və İsanın möcüzəsi...

14 Noyabr 23:00 Milli komanda 179
Ayxan Abbasov, Musanın əsası və İsanın möcüzəsi...

Dərdimizi kimə deyək bilmirəm. Uzun illər AFFA uğursuz məşqçi qərarları ilə millini geri salırdı. Məşqçi kitabında adı olmayan Yurçeviç, vaxtı keçmiş De Byazi və Santuş kimilər ölkənin bir nömrəli komandasında söz sahibi oldular.

Normal heyətimiz də var. Bəzən "Qarabağ"ın əsas heyətinin 7-8 üzvü yerli oyunçu olurdu.

Yedilər, dağıtdılar və getdilər. Geriyə buraxdıqları sadəcə adları və arxalarınca göndərilən söyüşlər qaldı.

Nəhayət, bir neçə ay əvvəl yığma yerli məşqçiyə tapşırıldı. Ayxan Abbasov ölkənin bir nömrəli komandasının başına gətirildi.

Uzun illərdir dediyimiz, arzuladığımız hadisədir. Abbasov bacarıqlı mütəxəssisdir.

Düzdü, bu dəfə də sevərək yox, hardasa məcburiyyətdən yerliyə qapı açıldı. Axı qarşıdakı 4 görüşün Fransa, Ukrayna və İslandiya kimi yığmalara qarşı olacağını bilən heç bir əcnəbi bu yükün altına girməzdi.

Ayxan Abbasov milli naminə bu riskə getdi.

Elə ilk oyunlardan inam, istək gördük, nizam-intizam formalaşdırıldı. Amma bununla bir yerə qədər getmək olar.

Əvvəlki illərlə müqayisədə seçim çox azdır. Heyət kasad, keyfiyyət aşağıdır. Qısası, əvvəl heyət normal idi, məşqçi problem yaradırdı, indi də əksidir.

Əsas səbəb isə bu mövsümdən legioner limitinin aradan qaldırılmasıdır.

İlk gündən bu qərara qarşı çıxanlardan olmuşam. Bizim kimi ölkələr üçün bu tezdir.

Hələ 3 ay keçib fəsadları qabarıq üzə çıxır.

Xahiş minnətlə "Zirə"də cəmi 2 oyun qapıda duran Aydın Bayramova, sonuncu dəfə Qarabağ"da avqust ayında forma şansı geyinən Abbas Hüseynova, "Sabah"ın ehtiyat oyunçular skamiyasında gün keçirən Abdulla Xaybullayevin ümidinə qalmışıq.

Start heyətində yer alan oyunçulardan ən azı yarısı klubunda əsas heyət üzvü deyil. Bu, baş məşqçinin seçimindən çox, zərurətdən doğan mənzərədir.

Klubların missiyasından biri milliyə oyunçu yetişdirməkdir. Limit olanda nəsə görürdük, indi bu missiya tam unudulub.

Belədə Ayxan Abbasovdan nəsə tələb etmək məntiqli deyil. Axı onun əlində nə Musanın əsası var, nə də İsanın möcüzəsi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 19:00 "Qarabağ" bizi aldadır!
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 03:20 "Lənkəran" da qazandı