Milli komanda yenə məğlub oldu.
Bu dəfə doğma meydanda İslandiya ilə bacarmadıq - 0:2.
Yenə narazılıqlar, tənqidlər var.
Nahaq, olanımız budur.
Bizim futbolumuzun reallığı budur.
Hətta Azərbaycan Premyer Liqasında kiməsə lazım olmayan uşaqlarla başqa nə olmalı idi?
"Zirə"də, "Sabah"da, "Turan Tovuz"da, "Neftçi"də "Karvan-Yevlax" və "Kəpəz" kimi canı ilə əlləşən, autsayder rəqiblərə qarşı oyunlarda formaya layiq görülməyən adlarla ən yaxşı halda 8-ci kilometr stadionun qazonuna ayaq basmaq olar.
Bundan 1 addım da o tərəfə keçmək olmaz.
Bəs "Qarabağ"? Bu suallar tez-tez verilir.
Bəli, "Qarabağ" Avropanı silkələyən nəticələri bizi sevindirir.
Çempionlar Liqasında tarix yazan klubumuzla fəxr edirik. Sonucda ölkəmizi təmsil edirlər.
Amma Ağdam klubunun nəticələri bizi aldatmasın.
Azərbaycanı futbol ölkəsi və ya futbolçusu olan ölkə kimi zənn etməyək.
Bizim həqiqətimiz milli komandamızdır. Millinin günü nədirsə, futbolumuz da odur. "Qarabağ"la bağlı sevinc, xoş əhval-ruhiyyə elə Tofiq Bəhramov adına Respublika stadionunda qalsa yaxşıdır...
XANOĞLAN İMANOV

