Millinin baş məşqçisi daha heç kimə inammasın!

16:00 Milli komanda 268
Millinin baş məşqçisi daha heç kimə inammasın!

Ayxan Abbasovu qınayanlar çoxalıb indi.

Hücum futbolu oynatmaması bir yana, «11-lik» seçimində yanlışlara yol verməsindən danışılar.

Milli məğlubiyyətlə üzləşibsə, tənqidlər başadüşüləndir. Seçmə mərhələdə ilk qələbəni qazanmaq üçün bütün ümidlər İslandiya ilə oyuna idi, o da ki belə…

Qəxsi fikrim maraqlıdırsa, qoy, deyim. Məncə, Rüstəm Əhmədzadə, Rüfət Abdullazadə və Rəhman Daşdəmirov ilk dəqiqələrdən forma geyinməli idi.

Qapının Aydın Bayramova tapşırılması da xəta sayılmalıdır. Görünür, qapıçılar üzrə məşqçi Kamil Qafarov öz tələbəsinin daha çox göz qabağında olması üçün bunu etdi, müəllimlik təəssübkeşliyi ilə davrandı,

Səlahət Ağayev Aydın Bayramovdan daha təcrübəlidir, üstəlik, oyun praktikası da gənc həmkarından çoxdur.

Ağayev «Qəbələ»nin heyətində Premyer Liqanın 11 turunda da qapıda dayanıbsa, Bayramov yalnız son həftələrdə «Zirə»də belə imkan qazanıb.

İstərdim inanım ki, Ayxan Abbasov bir də qapıçı mövqeyi ilə bağlı Kamil Qafarovun tərəfkeşlikdən qaynaqlanan rəyini nəzərə almaz, «aşıq gördüyünü çağırar» deyiminə köklənər.

Rüfət Abbasov «Şamaxı»da parıldayan gənclərdən biridir. Premyer Liqada ikinci mövsümünü keçirən müdafiəçini milliyə çağırmasına görə Ayxan Abbasovu qınamaq yersizdir.

Amma baş məşqçinin belə məsul oyunda həmsoyadını start heyətin daxil etməsinə mən də bir anlam verə bilmirəm. Bu, onun üçün tezdir.

Abbas Hüseynov «Qarabağ»ın formasını sonuncu dəfə avqustda geyinib. Üç aydır meydan üzü görməyən cinah müdafiəçisinin oyuna «11-lik»də başlamasına da anlam vermək çətindir.

Qaldı ki Ayxan Abbasovun ilk dəqiqələrdən «hücum edin» əmri verməməsinə… Bize lə danışırıq ki, guya, qeyri-adi hadisə yaşanıb.

Elə bil ki, o, komandasını həmişə «bir nömrə» kimi oynadıb, bu dəfə taktikanı tamamilə dəyişib. Abbasov məşqçi həyatına atıldığı 10 ildən artıq müddətdə daim müdafiəyönümlü üslubu ilə bilinib.

Bu da onun tərzidir, üstünə getməməliyik.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti