Səhvə yol verdilər, “volidol” içmədilər, gözümüz qaraldı

14:00 Milli komanda 242
Səhvə yol verdilər, “volidol” içmədilər, gözümüz qaraldı

Böyük ehtimalla, millimiz dünya çempionatının seçmə mərhələsini elə 1 xalla başa vurmalı olacaq.

Görüb-götürdüyümüz Ukraynadan aldığımız 1 xaldır, onun istisinə qızınmalıyıq.

İstəsək də, istəməsək də.

Son ümid yerimiz İslandiya ilə qarşılaşma idi, o ümidi də dünən Bakıda «dəfn etdik».

Komandamız stress altında doğma publika önünə çıxdı. Həyacan necə güc gəlmişdisə, meydana ləpirini basan 11 futbolçudan biri də o birindən seçilmədi.

Emin Mahmudovdan tutun da, ilk dəfə ölkənin əsas yığmasına dəvət alan və debüt edən Rüfət Abbasova kimi.

Ayxan Abbasov və köməkçiləri onları psixoloji cəhətdən oyuna tarazlaya bilməmişdi.

Səhvə yol veriblər, gərək hər birinə sakitləşdirici dərman içirməliydilər matçdan öncə. Ya da ki, «volidol».

Dünyanın sonuymuş kimi çırpıntı içərisində olan komandamızda fasiləyə kimi heç nə alınmadı.

İslandlar müdafiədəki səhvlərin ikisini dəyərləndirdilər, iş bitdi. Bu arada qollardan birinin əvəzini çıxa bilsəydik, ikinci yarıda geridönüşə ümid etmək olardı haradasa.

Bir-iki epizodda rəqibin qapıçısında narahatlıq yaratdıq, vəssalam! Başqa heç nə etmədik.

Son 45 dəqiqə ərazi üstünlüyü bizə keçdi. Keçdi, amma… Bu üstünlüyü tabloya daşıya bilmədik.

Qol qrafamazın «0»nı yerindən tərpətməkdən ötrü cəhdlər göstərdik, nə Rüstəm Əhmədzadə fürsəti qola çevirdi, nə Rüfət Abbasov.

Həyacanı üzərimizdən gec atdıq, final fiti gözümüzü qaraltdı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti