“Turan Tovuz”un yay transferləri arasında bəlkə də ən uğurlusu Xorxe Silvadır.
29 yaşlı portuqaliyalı müdafiənin sağ cinahında sərgilədiyi oyunla Premyer Liqanın ən yaxşılarından olduğunu sübut etməkdədir.
Xorxe “Zirə”ylə qarşılaşmada azlıqda qalan komandasının meydanı 1 xalla tərk etməsində (0:0) əsas pay sahiblərindən oldu.
O, Sportinfo.az-ın suallarını cavablandırdı.
- Səfərdəki bərabərlik sizi razı salır?
- Olabe qırmızı vərəqə alana qədər çox yaxşı təsir bağışlayırdıq. Hətta deyərdim ki, qol epizodlarının sayına görə üstün tərəf idik. Hakim“Zirə”nin “qırmızı”sını ləğv edəndən sonrakı ilk imkanda bizi azlıqda qoydu. Belə hallar xoş qarşılanmır. Nəticəyə gəlincə, qələbəyə köklənmişdik. Olabe qovulmasaydı, bəlkə də buna nail olacaqdıq. Çünki sona yaxın təzyiqi artırmağı düşünürdük. Ümumi götürsək, 1 xal pis deyil.
- Oyundan zövq aldın?
- Çox, hətta lap çox. Komandada hamı bir-biri üçün döyüşürdü, top uğrunda mübarizələr çoxluq təşkil edirdi. Tribunalardakı atmosfer də matça əlavə rəng qatırdı. Zövq almadığım yeganə şey yekun nəticə oldu.
- “Zirə”nin heyətində hansı futbolçulardan təhlükə gözləyirdin?
- Birini digərindən fərqləndirə bilmərəm. Hər birinin özünə görə xüsusiyyətləri var. “Zirə” əsasən standart vəziyyətlərdə təhlükəli olur. Buna baxmayaraq, onlara topla rahat davranmaq, meydanda istədiklərini etmək imkanı vermirdik. Biz azlıqda qalandan sonra fəallaşdılar ki, bu da normaldır.
- “Turan Tovuz”a və Premyer Liqaya uyğunlaşdığını deyə bilərik?
- Əlbəttə. Hər şey qaydasındadır. Düzdür, ilk gəldiyim günlərdə müəyyən çətinliklər yaşayırdım. Lakin məşqçilər heyəti, klub rəsmiləri və futbolçu yoldaşlarımın sayəsində uyğunlaşa bildim. İndi özümü kifayət qədər rahat hiss edirəm. Çempionat həqiqətən gərgin və maraqlıdır. İllərdir topladığım təcrübədən yararlanmaqla “Turan”a kömək etməyə çalışıram.
HƏBİB

