Azərbaycan millisinin veteran yarımmüdafiəçisi Rəşad Abdullayev Sportinfo.az-a açıqlama verib.
Hazırda "Neftçi-2"ni çalışdıran mütəxəssis yığmamızın dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransaya qarşı oyunlarından öncə gözləntilərini bizimlə bölüşüb:
"Yaxşı mübarizə gözləyirəm. Məşqçilər korpusu da yəqin ki, ciddi hazırlaşır. Son oyunlarda komandada əzmkarlığı görürük.
Xarakter, qələbə ruhu hiss olunur. Rəqiblərə asan təslim olmuruq. Bu da azarkeşlərə stimul verir. Neçə illərdir milli komandadan istədiyimiz budur.
Belədə məğlub olanda tam heyifslənmirsən. Çünki rəqibin gücü hamımıza bəllidir. Reallıq onu deyir ki, İslandiya bir çox komponentlərdə bizdən güclüdür.
Heyətində yer alan oyunçuların çoxu yaxşı klublarda çıxış edir. İnanıram ki, komandamız əzmkarlıq göstərərək Bakıda xal və xallar ala bilər.
Ev oyunlarında bunu çox vaxt bacarırıq. Son oyunlarda da həmin əlamətlər hiss olunur.
Fransa ilə görüşdən isə əlavə nəsə demək artıqdır. Rəqibin gücü bəllidir. Ola bilər tam heyətlə gəlməsinlər. Amma yenə də Fransa Fransadır.
Futbolçularımız kimə qarşı oynadıqlarını dərk edirlər. Səfər oyununda da pis mübarizə aparmadıq.
Fərdi ustalıq oyunun taleyini həll etdi. Yeganə sevindirici məqam odur ki, uşaqlar sona qədər döyüşəcək. Buna inanıram".
XANOĞLAN

