Milli komandamızı dünya çempionatının seçmə mərhələsində iki ağır oyun gözləyir.
Evdə ilk olaraq İslandiya, ardınca Fransa yığmasını qonaq edəcəyik.
Şanslarımız azdır, rəqiblərlə müqayisədə arada ciddi uçurum var. Belə məqam da bir heyət problemi diqqətdən qaçmır. Bəlkə də son illərin ən zəif kollektivi qarşımızdadır.
Ayxan Abbasov zədəli (son 4-5 gündə məşq belə etməyib) Emin Mahmudovun, ən çox tənqid olunan Nəriman Axundzadənin, xahiş-minnətlə rəsmi oyuna çıxan Aydın Bayramovun, sonuncu dəfə avqustda meydana ayaq basan Abbas Hüseynovun, mənəvi olaraq karyerasını bitirən Bədavi Hüseynovun ümidinə qalıb.
Əslində bu mənzərə təsadüf yox, zərurətdir.
Limiti ləğv edənlərin, onu dəstəkləyənlərin "sənət əsəri"dir.
Tamaşa edin...
Hələ zamanla daha ağır vəziyyət bizi gözləyir. Əvvəlki illərdə limitin hesabına bərkiyən, böyüyən Toral Bayramov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rüfət Abbasov, Qismət Alıyev kimi adların belə yaxın gələcəkdə yetişmək ehtimalı çox azdır. Bəs onda kimləri oynadacağıq?
Müəyyən durğunluq dövründən sonra futbolumuza yaxşı pullar axıdılır.
İllərlə məhv edilən, nəsli kəsilən yerli xammalı bərpa etməkdən, yetişdirməkdən yenə üz tutduq əcnəbilərə.
Liqanın səviyyəsi qalxacaqmış...
Süni şəkildə?
Sabah pul azalan kimi nə olacaq?
Əcnəbilər çemodanlarını yığıb gedəcək.
Biz də əlimizi göyə qaldırıb "ay amandı niyə yerli oyunçu yoxdur?" deyə üsyan edəcəyik.
XANOĞLAN İMANOV

