Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsini başa vurmaq üzrədir.
4 oyundan aktivinə 1 xal yazmağı bacaran Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv son 2 oyuna hazırlaşır.
Seçməmiz noyabrın 13-də İslandiyanı, 3 gün sonra Fransa yığmasını qəbul edəcək.
Şahruddin Məhəmmədəliyevin cəzalı duruma düşməsi səbəbindən əsas heyətdə yer alacağı gözlənilən Aydın Bayramov oyundan əvvəl Sportinfo.az-a danışıb.
“Zirə”nin 30 yaşlı qapıçısı Sportinfo.az-a açıqlamasında İslandiya üzərində mümkün qələbədən söz açıb:
“Hər iki rəqiblə çətin oyunlarımız var.
Fransanın gücü dünyaya məlumdur, geniş izaha ehtiyac yoxdur. İslandiya isə dünya və Avropa çempionatlarının final mərhələsində oynamış komandadır.
Ayxan Abbasovun gəlişindən sonra mübariz kollektiv formalaşıb. Yığma komandada milli ruh açıq-aşkar hiss olunur.
Hər iki oyunu Bakıda keçirməyimiz müəyyən qədər üstünlük sayıla bilər. Fransa ilə görüşə proqnoz vermək çətindir.
İslandiya ilə oyunda qələbəyə ümid edirik. 3 xal üçün mübarizə aparacağıq”.
İslandiya ilə qarşılaşma 8-ci km qəsəbə stadionunda, Fransa ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Hər iki oyun saat 21:00-da start götürəcək.
HƏBİB

