
Azərbaycan millisi ilə bağlı şok iddia yayılıb.
Bildirilib ki, milli komandasının baqajı dünya DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə qarşılaşma üçün səfər zamanı itib.
Məlumata görə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Polşanın Krakov şəhərinə baqajsız çatıb. Bu səbəbdən komanda vaxtında məşq prosesinə başlaya bilməyib.
Bu barədə polşalı jurnalist Pyotr Slonka məlumat yayıb.
Azərbaycan mətbuatı da həmin şəxsə istinadən xəbəri yayıb.
Amma yayılan informasiyanın həqiqətlə əlaqəsi yoxdur.
Yığma komandanın Polşa səfərində yer alan jurnalistlər arasında bəndəniz də var.
Fransa ilə matçın səhəri bütün heyət Parisdən çarter reysi ilə Krakov şəhərinə yollanıb.
Bəli, baqajı Parisdə qalanlar olub.
Amma bu texniki heyət və media nümayəndələrinin olub. İtməkdən isə söhbət gedə bilməz.
Öncədən 51 çantanın növbəti reyslə yol salınacağı hər kəsə elan olunub.
11-i Bakı vaxtı ilə 20:00-da Krakov hava limanına çatmışıq. Gecə yarısı isə çantalarımız aeroportdan birbaşa qaldığımız otelə gətirilib.
Azərbaycan millisi seçmə mərhələdə növbəti oyununu oktyabrın 13-də Ukraynaya qarşı keçirəcək. Hazırda Azərbaycan 3 oyundan 1 xal toplayaraq D qrupunda sonuncu – 4-cü yerdə, Ukrayna isə 4 xalla 2-ci pillədə qərarlaşıb.
XANOĞLAN / SPORTİNFO.AZ