Fransa səfərində millimiz məğlub oldu. Təəccübləndik? Təbii ki, yox. Bəli, istənilən məğlubiyyət xoş deyil. Bəs reallıq? Acı da olsa mövcud vəziyyətlə barışmalıyıq. Ölkə futbolu uzun illər edilən uğursuz idarəetmə sayəsində yararsız torpağa çevirilib - gül bitməsini gözləməyin. Ən azı yaxın perspektivdə.
Qayıdaq oyuna...
Belə yığmalara qarşı futbol oynamağımız faktiki olaraq mümkünsüzdür. Maksimum onların oynamasına mane olmağa cəhd edə bilərik.
Döyüşərək, vuruşaraq, can qoyaraq.
Bunu edə bildikmi? Məncə, edə biləcəyimizdən artığını etdik.
Ayxan Abbasov yaxşı müdafiə qurmağı bacaran baş məşqçidir. Parisdə də bunu pis bacarmadı. Rəqibə uyğun düzgün taktika seçmişdi. Əbəs deyil ki, görüşdən sonra Didye Deşam "rəqib hücumlarımıza yaxşı blok qoya bilirdi" dedi.
Kimsə hücumda daha çox vaxt keçirməyimizi istəyir/ tələb edirsə, reallıqdan çox uzaq danışır.
İynə ucu qədər açıq futbol "Oser faciəsi"ni bizə unutduracaqdı.
Amma rəqibin heyətində Mbappe kimi sima varsa, 90 dəqiqə qüsursuz müdafiə olunmağın öhdəsindən gəlmək balığın quruda yaşaması qədər çətindir.
Fransa kimi sürətli rəqib hansısa dəqiqədə mütləq bir boşluq tapacaq, tapmasa da özü üçün yaradacaq.
Necə ki, fasiləyə saniyələr qalmış bunu bacardı.
Sırf fərdi ustalıq qarşısında çarəsiz qaldıq.
Belə qollar adətən müdafiədə vaxt keçirən komandaları sındırır.
Amma ikinci yarının əvvəlində də yığmamız öz oyun intizamından qopmadı. Rəqibə maksimum mane olmağa çalışdı. Bu yolda Bəhlul Mustafazadə və Abdulla Xaybullayev ən yaxşılardan idi. Ümumiyyətlə, yalnız Mahir Emreli və Qismət Alıyev ansabıldan aşkar geri qalırdı/çatdırmırdı.
Toral Bayramovun sağ vinger oynaması da Qisməti sığortalamağa hesablanmışdı. Toral sola, Mahir sağ cinaha düşəndən sonra həmin cinah gözlə görünəcək qədər yükləndi.
Əbəs deyil ki, həmin dəqiqələrdə həm Mahir, həm də Qismət əvəzləndi. Bir qədər gecikmiş əvəzetmə də demək olar.
Əslində Emrelinin elə fasilədə əvəzlənəcəyini gözləyirdim. Amma ilk meydandan çıxan Rüstəm oldu və təəccübləndim. Abbasovun kənardan görünən yeganə səhvi bu sayıla bilərdi.
Lakin mətbuat konfransında bu barədə sualıma "Rüstəm Əhmədzadə əvəzlənmək istədi" deməklə məcburiyyətdən atılan addım olduğunu göstərmiş oldu.
Qısası, mütləq əksəriyyətin gözlədiyi darmadağın olmadı.
Arzuladığımız mübarizəni gördük. Ayxan Abbasov son illər AFFA-nın verdiyi ən doğru qərardır. Mövcud şərtlərlə o nəsə edə bilər. Qarşıdan gələn Millətlər Liqasında...
XANOĞLAN İMANOV

